Accessibility links

İctimai Koalisiya üzvlərinin təzyiqlərə məruz qaldığını bildirib


Mədən sənayesində şəffaflıq koalisiyasının iclası

"Mədən Sənayesində Şəffaflığın Artırılması" İctimai Koalisiyası qurum üzvlərinə təzyiqlərlə bağlı bəyanat yayıb.

"Mədən Sənayesində Şaffaflığın Artırılması" Koalisiyası təsis olunduğu ilk zamanlardan başlayaraq, ölkədə mədən hasilatının şəffaflığı və hesabatlılığı uğrunda ardıcıl və məqsədyönlü mübarizə aparıb. Ancaq hökumət qurumları inzibati metodlardan istifadə edərək koalisiyanın maddi-texniki imkanlarını zəiflətməyə çalışmaqla yanaşı, koalisiyada təmsil olunan QHT üzvlərinə də müxtəlif metodlarla təzyiqlər göstərib və hazırda bu təzyiqlər davam edir", bəyanatda deyilir.

Həmin təzyiqlərin nəticəsi olaraq bəzi üzvlər koalisiya sıralarını tərk edib, bəziləri isə ölkəni tərk edərək digər dövlətlərdə mühacir həyatı yaşayır. Bir neçə koalisiya üzvü isə əsassız olaraq məhkumluq həyatı yaşamağa məcbur edilib.

Koalisiyanın üç üzvü - Fuad Qəhrəmanlı, Asif Yusifli, Mehman Hüseynova Azərbaycan Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə saxta ittihamlar elan edilib, onlar əsassız olaraq uzun müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər və hazırda məhkumluq həyatı yaşayırlar.

Koalisiyasının daha bir üzvü Əziz Orucovun barəsində isə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

"Hökumət qurumları hər dörd şəxsin mədən hasilatı sahəsində fəaliyyətinə görə məsuliyyətə cəlb edilərək məhkum edilmədiklərini bildirsələr də ölkə və beynəlxalq ictimaiyyət sözügedən koalisiya üzvlərinin birbaşa və yaxud dolayısıyla vətəndaş cəmiyyətindəki mövqelərinə görə həbs olunduqların israr edirlər.

Koalisiyanın ali orqanı olan ümumi yığıncaq hesab edir ki, hakimiyyət qurumları çoxsaylı vətəndaş cəmiyyəti üzvlərinin iradəsini nəzərə alaraq əsassız və qanunsuz olaraq azadlıqdan məhrum edilmiş dörd üzvünün hər birini dərhal azadlığa buraxmalı və həmin şəxslərə öz fəaliyyətlərini yenidən bərpa etməyə imkan yaratmalıdır, bəyanatda bildirilir.

Sənədlə bağlı rəsmi qurumlar hələ münasibət bildirməyib. Azərbaycan rəsmiləri bir qayda olaraq ölkədə bütün insanların qanun qarşısında bərabər olduğunu, heç kimin öz iradəsini ifadə etdiyinə görə həbs edilmədiyini bildirir. Bununla yanaşı, hüquq müdafiə təşkilatları ölkədə 165 şəxsi siyasi məhbus kimi tanıyıb. Amnesty İnternational təşkilatı isə ondan çox insanı “vicdan məhbusu” elan edib.

XS
SM
MD
LG