Accessibility links

Mətbuat Şurası “Vaşinqton Post”a cavab verib


Mətbuat Şurası
Mətbuat Şurası

Azərbaycan Mətbuat Şurası “Vaşinqton Post” qəzetində “Azərbaycanda bəzi jurnalistlər pulsuz mənzil alır, bəziləri həbsxana kamerası” mövzusunda dərc olunan məqaləni qərəz hesab edir.

Mətbuat Şurasının bəyanatında deyilir ki, “Vaşinqton Post”da yer almış yazılar Azərbaycana qarşı çirkin kampaniyadır, söz və ifadə azadlığından sui-istifadədir.

“Bu cür cəhdlər Azərbaycan cəmiyyətində, o cümlədən media ictimaiyyətində təəssüf və hiddət doğurur”.

Bəyanatda qəzetdə Azərbaycanda jurnalistlərə prezident tərəfindən mənzillər verilməsinin ələ alma kimi qiymətləndirilməsinə etiraz edilir.

“Təəssüfləndirici haldır ki, “Vaşinqton Post” Azərbaycan dövlətinin öz vətəndaşı olan jurnalistlərə yönələn bu sosial siyasətinə, humanist dəst-xəttinə fərqli don geydirməyə çalışır, məsələni təmənnalı münasibət müstəvisinə daşıyır. Azərbaycan dövləti “Vaşinqton Post”un iddia etdiyinin əksinə olaraq heç vaxt jurnalistikanı hansısa təmənna ilə ələ almaq niyyətində olmayıb. Azərbaycan jurnalistləri də heç zaman düşünməyiblər ki, dövlətin onlarla bağlı siyasəti yaradıcılıqlarını məhdudlaşdıra, özünüsenzura meyli yarada bilər. Onlar bu gün də tam azad və sərbəst şəkildə fikirlərini ifadə edir, ən sərt tənqidi, düşündürücü materiallarla oxucularının görüşünə gəlirlər”.

Mətbuat Şurası bildirir ki, “Vaşinqton Post” jurnalistlərin mənzillə təminatı məsələsini qabardarkən “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsi üzərində dayanır.

“Nəzərə alınmalıdır ki, dünyanın qabaqcıl ölkələrində olduğu kimi, Azərbaycanda da vergidən yayınma hallarına ciddi yanaşılır. Belə olan halda bəzi Qərb dairələrinin buna ölkəmizin timsalında əhəmiyyətsiz münasibət bəsləmələri də dərin təəssüf hissi doğurur. Onların Mehman Əliyevlə bağlı məsələnin tam şəkildə araşdırılmasını gözləmədən söz və ifadə azadlığı motivlərini qabartmaları da şübhəsiz ki, siyasi məqsədlərdən qaynaqlanmış açıq qərəz nümayişidir”.

Bəyanatda vurğulanır ki, Azərbaycan dövləti medianın rolunu yüksək qiymətləndirib.

“Dövlət başçısı çıxışlarında jurnalistləri daim fəal olmağa, cəmiyyət həyatının ən müxtəlif tərəflərini işıqlandırmağa, nöqsanları diqqətə çatdırmağa, məmurları tənqid etməyə çağırıb. Ölkə prezidenti hər zaman jurnalistikanın cəmiyyətdəki missiyasına həssas yanaşıb. Bu həssaslıq media ilə bağlı dövlət siyasətinin uğur formuludur”.

Azərbaycanda Siyasi Məhbusların Vahid Siyahısının hazırlanması üzrə İşçi Qrupu ölkədə 160 nəfər siyasi məhbusun olduğunu bildirib. “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin də adı siyahıya daxil edilib.

"Amnesty İnernational" (Beynəlxalq Əfv) təşkilatı Azərbaycanda həbsdə olan ondan çox insanı "vicdan məhbusu" élan edib. Onların əksəriyyəti jurnalistlər bə blogerlərdir.

XS
SM
MD
LG