Accessibility links

Baş katib Azərbaycana qarşı hüquqi prosedurun həyata keçirilməsinə çağırıb


Avropa Şurasının Baş Katibi Turbyern Yaqland Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarına rəğmən siyasi məhbusun azadlığa buraxılmasından imtina etdiyinə görə Azərbaycana qarşı misli görünməmiş hüquqi hərəkət edilməsinə çağırıb.

Bu barədə "Azadlıq Radiosu" Britaniyanın "The Guardian" qəzetinə istinadla məlumat yayıb.

Yaqland 2013-cü ildə nümayişlərin təşkili və onlarda iştirak ittihamları ilə məhkum edilmiş "Respublikaçı Alternativ" hərəkatının lideri İlqar Məmmədovun işini nəzərdə tutur.

AİHM hakimləri onun əslində Azərbaycan hökumətini tənqid etdiyinə görə məhbus edildiyi barədə hökm çıxarsalar da, Azərbaycan siyasətçinin azadlığa buraxılmasından imtina edir.

Sentyabrın 13-də Avropa Şurasına daxil ölkə səfirlərinin iclasında Jagland AİHM qərarlarını icra etməməsinə görə Azərbaycana qarşı hüquqi prosedurun həyata keçirilməsinə çağırıb. Bu, Avropa Şurasının 68 illik tarixində misli görünməmiş addımdır.

Söhbət Avropa İnsan Hüquqları Məhkəməsinin 46.4-cü maddəsindən gedir, onun tətbiqi son nəticədə Azərbaycanın Avropa Şurasından çıxarılmasına gətirib çıxara bilər.

Çünki belə bir qərarın qəbul edilməsindən sonra AİHM Avropa Şurası Nazirlər (xarici işlər) Komitəsini müvafiq addımlar atmağa çağıra bilər.

"Biz Avropada siyasi məhbusların olmasına yol verə bilmərik və biz ən ali məhkəmənin qərarına rəğmən Azərbaycanın Məmmədovu azadlıqdan məhrum etməkdə davam etməsinə yol verə bilmərik...", deyə Yaqlandın The Guardian-a göndərilmiş bəyanatında bildirilir.

"Azərbaycanın Avropa Şurasının üzvü kimi öz öhdəlikləri barədə yaxşıca düşünməsinin və bu öhdəliklərə əməl etmək istəyib-istəmədiyi barədə qərar qəbul etməsinin vaxtı gəlib", deyə Avropa Şurasının Baş Katibi bildirib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG