Accessibility links

Mahmud Məmmədquliyev: Strateji tərəfdaşlıq haqqında saziş bu ilin sonunadək imzalana bilməyəcək [Video]


Nazir müavini Avropa İttifaqı və Dünya Ticarət Təşkilatı ilə aparılan danışıqlar barədə sualları cavablandırıb

"Hazırda Avropa İttifaqı ilə yeni saziş üzrə sənədin hansı mərhələdə olduğunu demək çox çətindir". Bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Amerikanın Səsinin sualının cavabında bildirib.

O deyib ki, sənədin ilk növbədə keyfiyyəti çox vacibdir.

"Biz tələsmirik. Hər iki tərəfin mövqeyi var. Onları uzlaşdırmaq lazımdır. Bu bir hüquqi sənəddir. Gec olsun, amma keyfiyyətli olsun. Sənəd çərçivəsində siyasi məsələlər də müzakirə olunur. Sənəddə Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı öz əksini tapıb".

O, sənədin bu ilin sonunadək imzalanacağı barədə bəzi ekspertlərin dediklərini təkzib edib.

"Bu ilin sonuna kimi bu saziş imzalana bilməyəcək. Bu yalnız o halda baş verə bilər ki, biz onların dediyi hər şeyi qəbul edək. Amma bu, düzgün olmaz".

Nazir müavinin sözlərinə görə, tərəflərin mövqelərində ticarət, təhlükəsizlik, investisiya və başqa məsələlərlə bağlı fərqlər var.

Məmmədquliyev həmçinin bildirib ki, Brüsseldə bu ayın axırlarınadək Azərbaycanla Avropa İttifaqı arasında sazişə dair müzakirələr olacaq.

"Müzakirələrdə ticarət-investisiya siyasəti və təhlükəsizlik sahəsi istisna olmaqla, müxtəlif məsələlər müzakirə ediləcək. Brüsseldə yeni tərəfdaşlıq prioritetləri ətrafında da fikir mübadiləsi aparılacaq".

Onun sözlərinə görə, bu, yeni addımdır.

"Artıq biz birinci növbədə öz təkliflərimizi vermişik. Avropa İttifaqı da baxıb öz təkliflərini verib. Biz bunun əsasında da təkliflər hazırlayıb təqdim etmişik. Sentyabrın 29-da bu sənədin müzakirəsi aparılacaq", nazir müavini qeyd edib.

Sentyabrın 27-də Brüsseldə Avropa İttifaqı ilə Azərbaycan arasında ticarət üzrə alt komitənin iclası da keçiriləcək.

Nazir müavini deyib ki, həmin görüşdə investisiya və ticarətə dair məsələlər müzakirə ediləcək.

"Oktyabrın ikinci yarısında təhlükəsizlik, insan hüquqları və demokratiya üzrə alt komitələrinin iclası keçiriləcək. Sonuncu enerji alt komitəsi ilə bağlı isə hələlik tarix yoxdur. Çünki Şərq Tərəfdaşlığı sammitinə hazırlıq getməlidir. Düşünmürəm ki, sammitdən əvvəl bu komitənin iclası olacaq. Hazırda alt komitələrə Brüssel ev sahibliyi edir. Ona görə də biz onların təkliflərinə baxıb fikir bildiririk".

Məmmədquliyev Azərbaycanın Dünya Ticarət Təşilatına üzvülüyü ilə bağlı danışıqlar barədə sualın cavabında deyib ki, Azərbaycanın Dünya Ticarət Təşkilatına daxil olması istiqamətində danışıqlarda elə bir ciddi irəliləyiş yoxdur.

Onun sözlərinə görə, iyulun axırında Cenevrədə keçirilən görüşlərdə çox ciddi müzakirələr aparılıb.

"Qarşı tərəf narahatdır ki, Azərbaycan 20 ildir danışıqlar aparır, amma nəticələr yüksək deyil. Biz görüşdə razılaşdıq ki, nə zaman hazır olsaq və ya onların hansısa təkliflərini qəbul etsək, onda yeni bir görüş keçirə bilərik".

Məmmədquliyev ölkəsinin "Şərq Tərəfdaşlığı" sammitinə hazırlaşdığını deyib. .
Nazir müavini noyabrda Brüsseldə keçiriləcək sammitdə son 2 ildə hansı işlərin görüldüyünün müzakirə ediləcəyini bildirib.

“Bizim də deməyə sözümüz olacaq. Çünki bir neçə ildə yaxşı nailiyyətlər əldə etmişik. İlk növbədə çalışacağıq ki, bu sammit çərçivəsində Riqa sammiti təkrar olunmasın. Həmin sammitdə 3 münaqişə ilə bağlı bir, Azərbaycan-Ermənistan münaqişəsinə dair başqa mövqe var idi. Avropa İttifaqının hazırda yeni qlobal strategiyası var, orada aydın göstərilir ki, bütün tərəfdaş ölkələrin ərazi bütövlüyü, təhlükəsizliyi dəstəklənməlidir”.

Məmmədquliyevin dediyinə görə, sammit çərçivəsində aviasiya sahəsində sazişin imzalanması mümkündür.

“Ola bilsin ki, müvafiq qurumumuz olan aviasiya administrasiyası Avropa İttifaqı ilə sazişi bitirə bilsin. Amma vaxt azdır. Bu istiqamətdə oktyabrın sonunda görüş olmalıdır. Ondan sonra biləcəyik ki, bu sənədi sammitdə imzalaya biləcəyik, ya yox”, o qeyd edib.

XS
SM
MD
LG