Accessibility links

Müxalifət fəalları Avropa Məhkəməsinə müraciət edəcək


Milli Şuranın 23 sentyabr mitinqi ərəfəsində müxalifət fəallarının həbsləri əsassızdır və onlardan Apellyasiya Məhkəməsinə şikayət veriləcək, bu barədə vəkil Əsabəli Mustafayev bildirib.

Sentyabrın 26-da o, Bakının Binəqədi rayonunda inzibati qaydada saxlanılan şəxslərin saxlanıldığı təcridxanada Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalları Bəhruz Həsənli, İlham Hüseynli, Saqif Qurban, Aqil Məhərrəmov, Emil Səlimov, Emin Maniyev və Nicat Nizamovla görüşüb.

Onlar şənbə mitinqi ərəfəsində saxlanılıblar və 10 gündən 15 günədək inzibati həbs cəzasına məhkum ediliblər.

"İnzibati xətaların törədilməsi ilə bağlı ittihamlar, müxalif fəallarının işində həmişə olduğu kimi, saxtalaşdırılıb. Guya onlar hamısı küçələrdə gəzərək, "senzuradankənar ifadələr" işlədiblər, polis əməkdaşları onları asayişə çağırdıqda isə tabe olmayıblar", deyə vəkil bildirib.

O qeyd edib ki, məhbuslar sıx şəraitdə saxlanılır.

Belə ki, iki nəfərlik kameralarda beş, altı nəfərlik kameralarda 9 nəfərə qədər məhbus saxlanılır. Bu, digər saxlanma şəraitlərinə - qidalanmaya, sanitariyaya da mənfi təsir edir, məhbuslar yerdə yatmaq məcburiyyətində qalırlar.

Mustafayev qeyd edib ki, həbslərdən apellyasiya məhkəməsinə şikayət veriləcək.

Şikayətlər təmin edilməsə, gələcəkdə müdafiə tərəfi Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciət edəcək.

Bəhruz Həsənli barəsində bu, AİHM-ə dördüncü şikayət olacaq. İki iş üzrə AİHM artıq onun şikayətlərini təmin edib. Digərləri üzrə hələ qərar qəbul edilməyib.

Mitinq ərəfəsində həbs edilən daha bir məhbus - AXCP fəalı Etibar Məmmədli Xətai rayon polis idarəsində saxlanılır.

XS
SM
MD
LG