Accessibility links

Tallində Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun illik toplantısı keçirilir


Estoniyanın Avropa İttifaqı Şurasına sədrliyi çərçivəsində 2017-ci il oktyabrın 25-dən 27-dək Tallində Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Konfransı ilə yanaşı Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun 9-cu illik toplantısı keçiriləcək.

Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin mətbuat üçün məlumatında deyilir ki, “İnsanlar üçün təsirli nəticələr: Şərq Tərəfdaşlığı 2020-ci ildə və ondan sonra” adlı üç günlük tədbir zamanı əsas diqqət Şərq Tərəfdaşlığı siyasətinin gələcəyinə və bu ölkələrdə daha yaxşı idarəçiliyə vətəndaş cəmiyyətinin töhfəsinə veriləcək.

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Federika Moqerini deyib ki, vətəndaş cəmiyyəti təşkilatları Şərq Tərəfdaşlığı ölkələrində zəruri islahatların ən yaxşı sponsorları və müşahidəçiləridir.

“Onlar korrupsiyaya qarşı və şəffaflıq üçün ucalan səs və qadınlara qarşı zorakılıqla mübarizədən tutmuş media mühitinin yaxşılaşdırılmasına kimi bir çox məsələlərdə gündəlik işimizin əsas qüvvəsidir. Biz tərəfdaşıq və ümümi məqsədlərimizə çatmamız, eləcə də Şərq Tərəfdaşlığının faydalı olması üçün bir-birimizə ehtiyacımız var”, ali nümayəndə qeyd edib.

Avropa İttifaqının Avropa qonşuluq siyasəti və genişlənmə məsələləri üzrə komissarı Yohannes Han vurğulayıb ki, Avropa İttifaqı vətəndaş cəmiyyətinə artan dəstəyində sosial innovasiya meyllərinə riayət etmək vədini yerinə yetirir.

“Vətəndaş cəmiyyətinin əsas subyektləri ilə tərəfdaşlıq, güclü rəhbərlik və vətəndaş cəmiyyəti təşkilatlarının idarəçilik rolunu artırmaq üçün daha səmərəli alətlər yenilənmiş siyasətimizin tərkib hissəsidir. Tərəfdaş hökumətlərlə birlikdə, Şərq Tərəfdaşlığı ölkələrinin vətəndaş cəmiyyəti bizi vətəndaşlara, onların həyatına daha çox dəyişikliklər gətirə biləcəyimiz sahələrdə, daha yaxın edəcək”, o qeyd edib.

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Əlaqələndirici Komitəsinin həmsədri Hennadi Maksak bildirib ki, vətəndaş cəmiyyəti ümümi dəyərlər, qanunun aliliyi, eləcə də demokratik prinsiplər və ictimai hesabatlılığa hörmət əsasında Şərq tərəfdaş ölkələrinin Avropayönümlü gələcəyinə inanır.

“Vətəndaş cəmiyyətinin islahatların həyata keçirilməsində iştirak etməsi üçün əlverişli mühitin yaradılması çox önəmlidir”, həmsədr deyib.

Avropa İttifaqının bu gün yaydığı məlumatda deyilir ki, Tallində keçirilən konfrans daha yaxşı idarəçilik, hökumətlə vətəndaş cəmiyyəti arasında dialoq, hökumətdə şəffaflığın təşviqi üçün texnologiyanın istifadəsi və iqtisadi inkişaf üçün inklüziv yanaşmaları müzakirə etmək üçün bir platforma olacaq. Müzakirələr zamanı dezinformasiyaya qarşı mübarizədə və medianın səriştəsinin artırılmasında vətəndaş cəmiyyətinin rolu da diqqət mərkəzində olacaq.

İştirakçılar demokratik inkişafa əsas maneələri müəyyənləşdirən və onları aradan qaldırmaq üçün hökumətlər və vətəndaş cəmiyyəti təşkilatlarının bir yerdə hansı işləri görə biləcəklərinə dair tövsiyyələr verən Vətəndaş Cəmiyyəti Bəyannaməsini qəbul edəcək.

Avropa İttifaqının vətəndaş cəmiyyətinə dəstəyi Şərq tərəfdaş ölkələrdə ictimai hesabatlılıq və insan hüquqlarına hörmətin artması, eləcə də yerli inkişaf üçün vacib rol oynayıb. Bu ölkələrdə vətəndaş cəmiyyəti ilə hökumətlər arasında yaxın əməkdaşlığı təşviq etmək üçün Avropa İttifaqı 2014-cü ildən 2016-cı ilə kimi 600-dan çox təşkilatı əhatə edən 260-dan çox yeni layihə maliyyələşdirib.

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Konfransını Estoniya sədrliyi, Estoniya Şərq Tərəfdaşlığı Mərkəzi və Avropaya inteqrasiyanı təşviq edən, islahatların həyata keçirilməsini və regionda demokratik dəyişiklikləri dəstəkləyən regional vətəndaş cəmiyyəti platforması olan Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu təşkil edib.

Bu tədbir iki ildən bir Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində keçirilir. Builki sammit noyabrın 24-də Brüsseldə baş tutacaq.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG