Accessibility links

Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası olub


İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan

Oktyabrın 31-də Bakıda prezident İlham Əliyevin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası keçirilib.

Prezident İlham Əliyev bildirib ki, Türkiyə-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir, ən yüksək zirvədədir.

“Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının bugünkü toplantısı da əminəm ki, çox uğurlu nəticə verəcək. Gündəlikdə bir çox məsələlər var - siyasi əlaqələr, beynəlxalq təşkilatlardakı birgə fəaliyyətimiz, iqtisadi sahədə əməkdaşlıq, hərbi, hərbi-texniki əməkdaşlıq, təbii ki, enerji, nəqliyyat məsələləri. Yəni gündəlik kifayət qədər genişdir və bütün istiqamətlər üzrə çox yaxşı nəticələr var. Bizim qəbul etdiyimiz qərarlar icra edilir və hökumətlərarası birgə komissiya da çox uğurla fəaliyyət göstərir”, Əliyev qeyd edib.

İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan

Öz növbəsində Rəcəb Tayyib Ərdoğan deyib ki, Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığın, dostluğun necə yüksək səviyyəyə çatdırıldığını xüsusilə sevinc içərisində müşahidə edirik.

“Xüsusilə indi Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsini, atdığımız addımın nəticəsini görmək bizi çox qürurlandırır. Dünən 15 dəqiqəlik dəmir yolu səyahətimizi vətəndaşlarımız, xalqlarımız gördülər. İnşallah, onların tezliklə təkcə Qarsdan Bakıya deyil, Pekinə, Londona getdikləri günləri də hamımız birlikdə görəcəyik və dualarını eşidəcəyik”, Türkiyə prezidenti qeyd edib.

Görüşün nəticəsi olaraq prezidentlərin iştirakı ilə səndələrin imzalanması mərasimi olub.

Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclasının Protokolu”nu imzalayıb.

Daha sonra Azərbaycanla Türkiyə arasında ali təhsil sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu, təhsil sahəsində əməkdaşlıq haqqında Saziş, preferensial ticarət sazişinin imzalanmasına dair Anlaşma Memorandumu, müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında Saziş, yem bitkiləri toxumu istehsalı və sertifikatlaşdırılması sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb.

XS
SM
MD
LG