Accessibility links

“Azadlıq” qəzetinin sentyabrda həbsdən şərti azad edilmiş yayım direktoru Faiq Əmirli noyabrın 8-də Səbael rayon Məhkəməsin icra şöbəsinə çağırılıb.

Əmirli Amerikanın Səsinə bildirib ki, məhkəmə qərarlarının icra şöbəsində Faiq Əmirlidən iltizam alınıb.

“İltizama görə, mən hər ay iki dəfə icra şöbəsinə gedib, qeydiyyatdan keçməli, yaşayış yerini tərk etdiyim hallarda şöbəni xəbərdar etməliyəm”.

İcra şöbəsində həmçinin ona şöbənin müvafiq qərarı təqdim edilib. Qərar “Azadlıq” qəzetinin yayım direktorunun vergi borcunun ödənilməsi ilə bağlıdır.

Qərarda göstərilir ki, Səbael rayon Məhkəməsi bu il iyulun 24-də F.Əmirlidən 39 min 21 manat məbləğində pul vəsaitinin tutulması barədə icra vərəqəsi göndərib.

F.Əmirliyə bildirilib ki, noyabrın 6-da həmin icra sənədi üzrə icraata başlanılıb. F.Əmirli 10 gün müddətində göstərilən məbləğin ödənilməsini təmin etməli, ödəniş qəbzini məhkəməyə təqim etməlidir.

F.Əmirli bunu etməyəcəyi təqdirdə, onun əmlakı üzərinə həbs qoyula, satışa çıxarıla bilər. Belə olan halda, F.Əmirlidən əlavə olaraq, icra xərcləri və 7 faizlik məcburi icra ödənişi tutula bilər.

“İzahatımda göstərdim ki, mənim hazırda tələb olunan 39 min manatı ödəməyə imkanım yoxdur. Heç yerdə işləmirəm və hər hansı əmlakım yoxdur”, o qeyd edib.

Faiq Əmirllinin vəkilləri məsələ ilə bağlı Ali Məhkəməyə müraciət edəcək.

Faiq Əmirli ötən il avqustun 20-də saxlanıb. O, əvvəlcə Cinayət Məcəlləsinin 168.1-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunurdu. Daha sonra Əmirliyə yeni ağır ittihamlar irəli sürülüb. Ancaq ona verilmiş bəzi ittihamlar məhkəmə öncəsi götürülüb.

F.Əmirli yekun olaraq CM-nin 213.1 (xeyli miqdarda vergidən yayınma) və 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət, düşmənçiliyin salınması) maddələri ilə ittiham edilib.

O, 3 il 3 ay azadlıqdan məhrum edilib, vergidən yayınmaga görə cərimələnib. Bu il sentyabrın 15-də Bakı Apellyasiya Məhkəməsi onun barəsindəki qərarı dəyişib. Qərara əsasən, Faiq Əmirliyə münasibətdə CM-nin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq olunub. Səbael Rayon Məhkəməsinin hökmü ilə ona verilmiş 3 il 3 aylıq həbs cəzasının 2 il 2 ay beş günü şərti hesab olunub, ona üç il sınaq müddəti təyin olunub. F.Əmirli məhkəmə zalından azadlığa buraxılıb.

AXCP F.Əmirlinin həbsini siyasi sifariş sayır. F.Əmirlinin həbsindən sonra “Azadlıq” qəzetinin çapı dayanıb, qəzetin bir sıra əməkdaşı prokurorluğa çağrılıb, ifadələri alınıb.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG