Accessibility links

Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri başlayıb (Yenilənib)


İlham Əliyev və Sergey Lavrov
İlham Əliyev və Sergey Lavrov

Azərbaycan Qarabağ münaqişəsinin tezliklə nizamlanmasında son dərəcə maraqlıdır. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bildirib.

"Bu gün həm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlərdən danışacağıq. Azərbaycan bu münaqişənin tezliklə nizamlanmasında son dərəcə maraqlıdır", preziden Əliyev Sergey Lavrovla görüşündə bildirib.

Onun sözlərinə görə, Rusiyalı nazirlə görüş iki ölkə arasında münasibətlərin gələcək inkişafı ilə bağlı məsələləri müzakirə etmək üçün yaxşı fürsətdir. O qeyd edib ki, Azərbaycan dövlətlərarası münasibətlərdən məmnundur. Bu münasibətlər praktiki olaraq bütün sahələri əhatə edir və çox yaxşı dinamikliyə malikdir.

Əliyev yüksək səviyyədə görüşlərin müntəzəm olduğunu bildirib. "Bütün bunlar göstərir ki, münasibətlər yüksək səviyyədədir. Biz artıq bunu çoxdandır strateji tərəfdaşlar arasında münasibətlər kimi səciyyələndiririk və əminəm ki, gələcəkdə əməkdaşlıq potensialını gücləndirəcəyik", deyə TASS agentliyi Əliyevdən sitat gətirir.

Öz növbəsində, Lavrov qeyd edib ki, Azərbaycanlı həmkarı ilə danışıqlarda beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyət məsələlərini müzakirə etmək niyyətindədir. "Biz də, əlbəttə, ATƏT-in Minsk qrupunun həmsədrlər üçlüyünün üzvü kimi düyünün açılmasına hərtərəfli kömək göstərməkdə və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyişi təmin etməkdə maraqlıyıq. Sizinlə tamamilə razıyıq ki, bu istiqamətdə fəal səylər göstərmək lazımdır", deyə Lavrov bildirib.

İqtisadi əməkdaşlıq məsələlərinə toxunan nazir ticarət dövriyyəsinin artdığını qeyd edib: "ticarət dövriyyəsi bizim statistikaya görə, bu ilin ilk 9 ayında ən azı 60 faizdən çox artıb. Bu da iki il əvvəl özünü göstərən ticarət dövriyyəsinin azalması tendensiyasının qarşısını almaq və Sizin dediyiniz kimi, investisiya qoyuluşu sahəsində tempi artırmaq istiqamətində çox ciddi addımdır", deyə Azərbaycan dövlət başçısının saytında dərc edilmiş məlumata RF XİN başçısının sözlərindən sitat gətirilir.

***

Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri başlayıb.
Azərbaycan prezidentinin mətbuat xidmətinin məlumatına görə, Lavrov noyabrın 19-da prezident İlham Əliyevlə görüşüb.

Görüşün detalları barədə məlumat verilmir.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır.

Rusiya xarici işlər naziri Sergey Lavrov 19-20 noyabrda Azərbaycanda rəsmi səfərdə olacaq.

Rusiyalı nazir noyabrın 20-də azərbaycanlı həmkarı Elmar Məmmədyarov və digər yüksək vəzifəli rəsmi şəxslərlə görüşlər keçirəcək.

S.Lavrov və E.Məmmədyarov birgə mətbuat konfransı keçirəcək.

Bu il Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 25 ili tamam olur.

Ekspertlər səfər zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinin diqqət mərkəzində olduğunu vurğulayıb.

Sergey Lavrov Azərbaycandan Yerevana gedəcək.

XS
SM
MD
LG