Accessibility links

Robert Sekuta: Fəaliyyətimin ən yadda qalanı ABŞ-Azərbaycan əlaqələrinin yaxşılaşdırılmasıdır


Robert Sekuta
Robert Sekuta

Azərbaycanda fəaliyyətim müddətində ən yadda qalan hadisələrdən biri ABŞ-Azərbaycan əlaqələrinin yaxşılaşdırılması və inkişaf etdirilməsi olub".

Bu barədə ABŞ-ın yaxın günlərdə Azərbaycanı tərk edəcək Azərbaycandakı səfiri Robert Sekuta martın 26-da Qubada jurnalistlərə bildirib.

O fəaliyyəti ilə bağlı sualın cavabında deyib ki, diplomatik sahədə həmişə nə qədər iş görülsə də, daha çox işə imkan var.

“Amma 2015-ci ilin fevralında mən Azərbaycana qədəm qoyanda olan münasibətlərlə indiki münasibətləri müqayisə edəndə hər iki ölkənin, xalqın bir-birini daha yaxşı anlamasını və daha yaxşı münasibətlərdə olmasını görmək mümkündür”.

Səfir bildirib ki, bir çox amerikalıların Qubaya xüsusi bağlılığı var.

“Bir qədər əvvəl hökumət nümayəndələri ilə martın sonunda yəhudilərin dini bayramı pasxanın qeyd ediləcəyi barədə söhbət etdik. Bir çox amerikalılar təəssüf ki, tam məlumatlı deyillər ki, əhalisinin əksəriyyətini şiə müsəlmanlar təşkil edən Azərbaycanda digər etnik və dini qruplara qarşı hörmət var. Hesab edirəm ki, Azərbaycanın bu cəhəti bu günki dünyamızda çox böyük əhəmiyyət kəsb edir”.

Bu ABŞ səfiri Robert Sekutanın Azərbaycanda səfirliyi dövründə son səfəri idi. O pensiyaya getmək qərarı verib və martın sonunda ölkəni tərk edəcək.

Jurnalistlər səfirin hər zaman mediaya açıq olduğunu bildirib və ona təşəkkür edib.

“Mən də öz növbəmdə jurnalistlərə təşəkkür edirəm. Çünki siz jurnalistlər cəmiyyətimizdə, bu günki dünyamızda çox böyük rol oynayırsınız”, o qeyd edib.

Səfir Sekuta diplomatik fəaliyyəti başa çatandan sonra da Azərbaycana səfər edəcəyini bildirib.

“Mənim hər bir ailə üzvüm Azərbaycanı sevib, bu ölkəyə bağlanıb. Biz mütləq Azərbaycana başqa qismdə yenə gələcəyik. Üç ildə ikitərəfli münasibətlərin inkişafında rolu olan bir şəxs kimi, bu münasibətlərin inkişafının gələcəyi məni yaxından maraqlandırır", o qeyd edib.

XS
SM
MD
LG