"İsrail-Fələstin sərhədində baş verən qanlı qarşıdurmalar dərin narahatlığımıza səbəb olur. Biz, üzv dövlətlər və İslam Əməkdaşlıq Təşkilatı, bu qarşıdurmaları dayandırmaq üçün mümkün qədər səy göstərməliyik".
Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının xarici işlər nazirləri şurasının 45-ci sessiyasındakı çıxışında bildirib.
Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat xidmətinin məlumatına görə, nazirlər şurasının sessiya mayın 5-də Banqladeşin paytaxtı Dəkkə şəhərində başlayıb. "Davamlı Sülh, Həmrəylik və İnkişaf üçün İslam dəyərləri" mövzusuna həsr olunan sessiya 2 gün davam edəcək.
Nazir bildirib ki, Azərbaycan bu məsələyə öz töhfəsini verməyə hazırdır.
"Azərbaycan Şərqi Əl-Qüdsün Fələstin dövlətinin paytaxtı olmaqla Fələstin münaqişəsinin iki dövlət prinsipi əsasında həllini dəstəkləyir", deyən E.Məmmdəyarov diqqəti Rohinca müsəlmanlarının durumuna çəkib.
"Dünyada ən böyük qaçqın böhranı olan Rohinca Müsəlmanlarının vəziyyətidir. 2017-ci ildə Azərbaycan kütləvi zorakılıq və etnik təmizləmənin nəticəsindən əziyyət çəkən Rohinca müsəlmanlarına 100 ton humanitar yardım ayırmış ilk ölkələrdən biridir və biz ehtiyacı olanlara yardım göstərməkdə davam edəcəyik", nazir Azərbaycanın bir sıra İƏT üzv dövlətlərindəki müharibələr və silahlı münaqişələrdən dərin narahatlıq keçirdiyini vurğulayıb.
E.Məmmədyarov çıxışında Dağlıq Qarabağ münaqişəsinə də toxunub. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20%-nin, Dağlıq Qarabağ və yeddi ətraf rayonun işğal olunduğunu deyən nazir İƏT üzvlərini Ermənistanla münasibətlərin inkişafından çəkinməyə çağırıb.
"Ermənistanı açıq şəkildə işğalçı kimi tanıyan BMT və onun Təhlükəsizlik Şurası və İƏT qətnamələri işğalçı ilə münasibətlərin inkişaf etdirilməsini istəyən bütün müsəlman ölkələrinə əsas mesaj olmalıdır. Çünki Ermənistanın işğalçı siyasəti yalnız Azərbaycanın dini və mədəni irsinə deyil, ümumiyyətlə İslamın tarixi və mədəni irsinə qarşı bir hücumdur", o qeyd edib.