Accessibility links

Avropa İttifaqı: Azərbaycan əsas azadlıqları təmin etməlidir


Avropa Parlamentinin deputatları çərşənbə günü Avropa İttifaqının rəhbərliyinə Aİ və Azərbaycan arasında gələcək sazişlə bağlı tövsiyələr göndərib.

Saziş korrupsiyaya, çirkli pulların yuyulmasına və vergilərdən yayınmaya qarşı mübarizəyə və əsas azadlıqların təmin edilməsində irəliləyişə şərait yaratmalıdır.

Bu tövsiyələr Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin üzvləri tərəfindən 56 səs "lehinə", 2 səs "əleyhinə" və 7 nəfər bitərəf olmaqla qəbul edilib.

Tövsiyələrdə deyilir ki, Avropa Parlamentinin deputatları Aİ Şurasını, Avropa Komissiyasını və Xarici Fəaliyyət Xidmətini aşağıdakı addımları atmağa çağırır:

- Aİ və Azərbaycan arasında münasibətlərin dərinləşməsinin demokratiyaya, qanunun aliliyinə, yaxşı idarəçiliyə, insan hüquq və əsas azadlıqlarına riayət və hörmətlə şərtlənməsini təmin etməyə;

- Azərbaycan hakimiyyətinə ölkə Aİ-nin əsas dəyərlərinə və hüquqlarına riayət etməsə heç bir hərtərəfli sazişin ratifikasiya olunmayacağını xatırlatmağa;

- Azərbaycanla gələcək sövdələşmənin hərtərəfli olduğuna və hər iki tərəfə xeyir gətirəcəyinə zəmanət verməyə;

- İqtisadi cinayətlərə, o cümlədən korrupsiyaya, çirkli pulların yuyulmasına və vergi ödənişindən yayınmalara qarşı mübarizədə, habelə çirkli pulların yuyulması sxeminin, xüsusən "Landromat" işinin təkrar araşdırılmasında Azərbaycanı dəstəkləmək məqsədilə konkret müddəalar tətbiq etməyə;

- Danışıqlar başa çatana qədər Azərbaycanın 2017-ci ildə sayı 150 nəfərdən artıq olan siyasi məhbusların və vicdan məhbuslarının azad edilməsi üzrə mühüm addımlar atmasını təmin etməyə;

- Azərbaycanda redaksiya müstəqilliyi və Aİ-nin standartları təmin edilməklə, azad və plüralist kütləvi informasiya vasitələrinin gələcək inkişafına şərait yaratmağa.

Deputatlar hesab edirlər ki, Aİ-nin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində iştirakı gücləndirilməlidir. Onlar Aİ və münaqişə tərəflərindən hər biri ilə yeni sövdələşmələrinin mühüm öhdəliklər və münaqişənin sülh yolu ilə həlli istiqamətində əhəmiyyətli irəliləyişlərlə şərtlənməlidir.

Parlamentin məruzəçisi Norika Nikolaya müzakirələr zamanı bildirib ki, Aİ sərhədləri getdikcə daha çox təhlükəli olur, buna görə Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlıq, o cümlədən Azərbaycan getdikcə daha çox əhəmiyyət qazanır. Aİ və Azərbaycan arasında ədalətli və etibarlı münasibətlər hər iki tərəfə iqtisadi fayda verəcək, demokratiyanın möhkəmlənməsini təmin etməyə kömək edəcək, deyə o qeyd edib.

Hazırda Aİ və Azərbaycan arasında münasibətlər 1999-cu il tarixli Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi ilə tənzimlənir. Aİ Azərbaycanın əsas ticari tərəfdaşı və ən böyük ixrac-idxal bazarıdır. Ümumi ticarətin 48,6%-i Aİ-nin payına düşür.

XS
SM
MD
LG