Accessibility links

Avropa İttifaqı ilə Azərbaycan arasında danışıqların növbəti mərhələsi olacaq


Avropa İttifaqı və Azərbaycanın bayraqları

Avropa İttifaqı (Aİ) - Azərbaycan tərəfdaşlığı haqqında yeni sazişə dair danışıqların növbəti mərhələsi gələn həftə Bakıda keçiriləcək. Bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev bildirib.

Onun sözlərinə görə, ötən il başlayan danışıqlar üç əsas istiqamətdə - siyasi və təhlükəsizlik məsələləri, ticarət və investisiya məsələlər, müxtəlif sektorial məsələlər üzrə uğurla davam edir.

“Növbəti görüşdə siyasi məsələlər müzakirə olunacaq. Danışıqların sonuncu mərhələsi may ayının əvvəlində baş tutub”, o qeyd edib.

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin siyasət şöbəsinin rəhbəri, nümayəndəliyin birinci müşaviri Denis Danilidis də təsdiq edib ki, yeni sazişlə bağlı danışıqların növbəti mərhələsi 29-30 mayda Bakıda keçiriləcək.

Sazişin 2019-cu ildə imzalanacağı ilə suala cavabda D. Danilidis konkret tarixin məlum olmadığını deyib.

"Sazişlə bağlı danışıqlar başlayanda, bilmək olmur ki, sənəd nə vaxt imzalanacaq".

Bununla yanaşı, o, Azərbaycanla Aİ arasında aviasiya sazişi ilə bağlı bütün detalların artıq müzakirə edildiyini bildirib.

"Aİ üçün bu saziş artıq tam aydındır. Danışıqlar bitib. Tərəflər arasında razılaşdırılmış sənəd var. Mən belə başa düşürəm ki, Azərbaycan tərəfinin razılaşmanın milli aviadaşıyıcı olan AZAL-a və iqtisadiyyatın digər sahələrinə necə təsir edəcəyini analiz etməyə ehtiyacı var. Ona görə də Azərbaycan tərəfini gözləyirik. İndi danışıqlar yoxdur. Sazişin bu il imzalanması isə ancaq Azərbaycan tərəfindən asılıdır", şöbə rəhbəri qeyd edib.

XS
SM
MD
LG