Accessibility links

Xarici İşlər Nazirliyi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı bəyanat yayıb


Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə bəyanat yayıb.

Sənəddə deyilir ki, 28 may 1918-ci ildə İstiqlal Bəyannaməsinin qəbulu ilə müsəlman dünyasında ilk parlament demokratiyası - Azərbaycan Xalq Cümhuriyyətinin əsası qoyulub. Azərbaycan Xalq Cümhuriyyətinin suveren ərazisi 114 min kvadrat kilometr idi.

“İmperiyanın çöküşündən sonra meydana çıxan ağır daxili və xarici problemlərlə üzləşməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti səmərəli dövlət təsisatları qurmağa, vətəndaşlarının hüquqlarını müdafiə etməyə və beynəlxalq ictimaiyyətin etibarını qazanmağa müvəffəq oldu. Universal seçki hüququ, eləcə də qadınların səsvermə hüququ təmin edildi. Hökumət cavabdehlik və səlahiyyətlərin bölgüsü əsasında formalaşdı və Azərbaycan parlamenti ilk növbədə bütün müsəlman şərqində demokratik yolla seçilmiş, çoxpartiyalı və təmsilçiliyin təmin olunduğu qanunverici orqan idi”, nazirlik bildirir.

İki illik fəaliyyəti dövründə cümhuriyyət beş icraedici kabinet tərəfindən idarə olunub, parlament 155 iclas keçirib və 240-da çox qanun layihəsini müzakirə edib. Dövlət quruculuğu prosesinin digər zəruri sütunu parlament və nazirlər kabinetinin səlahiyyətlərini yoxlayacaq müasir məhkəmə sistemi yaradaraq Apelyasiya Palatasının təsis edilməsi oldu.

“Yeni formalaşmış cümhuriyyət təhsilə xüsusi diqqət göstərərək Bakı Dövlət Universitetinin əsasını qoydu. Cümhuriyyətin üzləşdiyi iqtisadi və siyasi çətinliklərə baxmayaraq, yüzlərlə gənc insana Avropanın qabaqcıl universitetlərində təhsil almaq üçün təqaüdlər verməklə uzunmüddətli insan kapitalına sərmayə qoyuluşuna çalışdı. Azərbaycan dili rəsmi dövlət dili elan edildi, milli üçrəngli bayraq və himn qəbul edildi, müasir teatr və opera təsis edildi. Azərbaycanın poçt markaları çap edildi və milli Azərbaycan valyutası - Manat dövriyyəyə buraxıldı”.

Nazirlik qeyd edir ki, İstiqlal Bəyannaməsində təsbit olunduğu kimi bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə dost münasibətlər yaratmaq Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilib.

Sənəddə deyilir ki, 1920-ci ilin aprelində bolşeviklərin işğalı ilə Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinə son qoyulub.

“Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi 1991-ci ildə Azərbaycan Respublikası müstəqilliyini bərpa etdi. Azərbaycan Xalq Cümhuriyyətinin üzləşdiyi çətinliklər, o cümlədən Ermənistanın ərazi iddiaları və Azərbaycana qarşı müharibəyə başlaması, mürəkkəb geosiyasi fitnə-fəsadlar və iqtisadi-sosial problemlər 1991-ci ildə müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan Respublikasını da əhatə etdi”, bəyanatda qeyd edilir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG