Accessibility links

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə rəsmi qəbul keçirilib


Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi

Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə rəsmi qəbul təşkil olunub.

Qəbulda xarici ölkələrdən gəlmiş çoxsaylı yüksək səviyyəli qonaqlar, hökumət üzvləri, deputatlar, diplomatik korpusların rəhbərləri, ictimaiyyətin nümayəndələri, ziyalılar iştirak edib.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir.

“İlk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdır. Biz haqlı olaraq fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıbdır. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı böyük xalqdır, Azərbaycan xalqı azadlıqsevər, mütərəqqi xalqdır. Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə böyük hörmətlə yanaşır”.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə rəsmi qəbul
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə rəsmi qəbul

Dövlət başçısı AXC-nin tarixini diqqətə çatdırıb.

“1918-ci ildə qaldırılmış bayraq 1920-ci ildə endirildi və onu bir də o tarixdən 70 il sonra Naxçıvanda, Naxçıvanın Ali Məclisinin sessiyasında ulu öndər Heydər Əliyev qaldırmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi Naxçıvan Ali Məclisinin sessiyasında qəbul edilmişdir”.

Prezident 1991-ci ildə Azərbaycanın yenidən müstəqilliyə qovuşmasından danışarkən deyib ki, Azərbaycan rəhbərliyində olan qüvvələr 1991-1993-cü illərdə ölkəni lazımi səviyyədə idarə edə bilməyib.

“Onların üzərinə düşən yüksək məsuliyyəti dərk etməmişlər və gənc müstəqil dövləti demək olar ki, idarəolunmaz vəziyyətə salmışdılar. 1991-1993-cü illərdə Azərbaycanda yaşanan xoşagəlməz hadisələr, hallar ölkəmizin müstəqilliyini sual altına qoymuşdur. Xüsusilə 1992-ci ildə AXC-Müsavat cütlüyünün dövlət çevrilişindən, hakimiyyətin güc yolu ilə zəbt edilməsindən sonra vəziyyət daha da ağırlaşdı. Ölkəmizdə xaos, anarxiya, özbaşınalıq hökm sürürdü. AXC-Müsavat hakimiyyəti talançılıqla məşğul idi. Torpaqlarımız işğal altına düşmüşdür və bununla bağlı çoxsaylı qaçqınlar-köçkünlər yaranmışdır. AXC-Müsavat hakimiyyəti qardaş qanı axıtdı, vətəndaş müharibəsinə start verdi və bu, xalqımızın böyük faciəsi idi.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə rəsmi qəbul
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə rəsmi qəbul

Bir sözlə, o illər bizim tariximizdə qara ləkədir, rüsvayçılıq illəridir. Azərbaycan xalqı cəmi bir il o antimilli hakimiyyətə dözə bildi və bir ildən sonra o hakimiyyəti tarixin arxivinə göndərdi. Azərbaycan xalqı öz liderinə - Heydər Əliyevə müraciət etmişdir, onu hakimiyyətə dəvət etmişdir və nə qədər müdrik xalq olduğunu bir daha sübut etmişdir”, o qeyd edib.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi

Əliyev özü president seçildikdən sonra, yəni 2003-cü ildən sonra Azərbaycanın dinamik inkişafı təmin edildiyini bildirib.

“Biz güclü, qüdrətli dövlət qura bilmişik. Bu gün Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan ölkədir. Bu gün dünya xəritəsində belə ölkələrin sayı o qədər də çox deyil”, o qeyd edib.

Onun fikrincə, kənardan Azərbaycan dövlətinin siyasətinə təsir etmə imkanları sıfıra bərabərdir.

“Bunu yaxın tarix göstərib. İndi deyə bilərəm ki, belə cəhdlər də yoxdur. Ona görə ki, biz prinsipial siyasət aparırıq. Bu siyasət Azərbaycan xalqı tərəfindən dəstəklənir və müdafiə olunur. Xalq-iqtidar vəhdəti bizim uğurlarımızın əsas səbəbidir”.

O Dağlıq Qarabağ münaqişəsindən danışarkən deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son illər ərzində aparılan işlər münaqişənin həlli üçün hüquqi bazanı daha da genişləndirmişdir.

“Belə bir vəziyyətdə heç bir ölkə qanunsuz rejimlə heç bir əlaqə qura bilməz və biz buna heç vaxt imkan verməyəcəyik. Biz heç vaxt imkan verməyəcəyik ki, tarixi torpağımızda ikinci erməni dövləti yaradılsın. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin bir yolu var, o da Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünün bərpasıdır”.

Dövlət başısı ordu quruculuğundan danışarkən bildirib ki, güclü ordu müstəqilliyin əsası, təhlükəsizliyin qarantıdır.

“Azərbaycanda təhlükəsizlik tam təmin edilibdir. Azərbaycan bu gün müstəqil ölkə kimi dünya miqyasında ən sabit ölkələrdən biridir”.

Prezident Azərbaycan iqtisadiyyatının sürətli inkişafı və rəqabətlilik qabiliyətinin yüksək olduğunu deyib.

“Enerji təhlükəsizliyi baxımından Azərbaycan nəinki regionda, dünya miqyasında önəmli ölkəyə çevrildi. Hazırda Cənub Qaz Dəhlizinin icrası ilə bağlı böyük işlər görülür və sabah Cənub Qaz Dəhlizinin rəsmi açılışı olacaqdır. Bu da böyük tarixi qələbəmizdir”, Əliyev qeyd edib.

Rəsmi qəbuldan sonra Bakı Kristal Zalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilən təntənəli konsert keçirilib.

Konsert başa çatdıqdan sonra isə Dənizkənarı Milli Parkda bayram atəşfəşanlığı olub.

XS
SM
MD
LG