Accessibility links

Azərbaycan Xalq Cəbhəsi Partiyası 3 fəalının saxlanılması ilə bağlı məlumat yayıb.

Məlumatda deyilir ki, AXCP Gəncə şəhər şöbəsinin sədri Baxtiyar Əlizadə iyunun 13-də saat 19 radələrində evdən bankomatdan pul götürmək məqsədi ilə çıxıb və ondan indiyədək xəbər yoxdur.

“Bəxtiyar Əlizadənin ailə üzvləri artıq iki gündür onun axtarışını davam etdirir. Ailə üzvləri Gəncə şəhər Polis İdarəsinə, Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzinə” məlumat verib, xəstəxanaları axtarıb. Lakin hələ də fəalın harada olması barədə məlumat almaq mümkün olmayıb”, AXCP bildirir.

Rauf Abdurəhmanlı
Rauf Abdurəhmanlı

AXCP Şəki şöbəsinin fəalı Rauf Abdurəhmanlı bu gün, iyunun 14-də Bakıda saxlanılıb. Axşam saat 21-də Şəki rayon Məhkəməsi (Bakıdan 350 kilometr şimal-qərb) Abdurəhmanlını küçədə ünvansız söyüş söymək ittihamı ilə 30 sutka inzibati həbsə məhkum edib.

Füzuli Hüseynov
Füzuli Hüseynov

AXCP-nin digər fəalı Füzuli Hüseynov təkbaşına aksiya keçirən şəxs kimi tanınıb. O bu gün, iyunun 14-də saat 12-də həbsdə olan REAL Partiyasının sədri İlqar Məmmədovun ad günü ilə əlaqədar Bakıda, Nizami küçəsində “İlqar Məmmədova azadlıq!” şüarı olan plakat qaldırarkən saxlanılıb. İndiki anadək harada saxlanılması barədə məlumat almaq mümkün olmayıb.

Rəsmi orqanlar AXCP fəallarının saxlanılması ilə bağlı hələ hər hansı məlumat yaymayıb.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG