Accessibility links

Pənah Hüseyn: İndiki iqtidarın ideoloji rəqibi Elçibəyçilikdir [Video-müsahibə]


Pənah Hüseyn: İndiki iqtidarın ideoloji rəqibi Elçibəyçilikdir
please wait

No media source currently available

0:00 0:07:13 0:00

Keçmiş baş nazir Amerikanın Səsinə müsahibəsində Elçibəy hökumətinin siyasətindən danışıb

Əbülfəz Elçibəy hökumətinin baş naziri Pənah Hüseyn Amerikanın Səsinə müsahibəsində xalq hərəkatının liderinin 80 illik yubileyi ilə bağlı danışıb.

Amerikanın Səsi: Əbülfəz Elçibəyin Azərbaycan tarixində rolu və yerini necə görürsünüz?

Elçibəy İran Azərbaycanının da müstəqilləşməsini və bu, iki müstəqil dövlətin gələcəkdə birləşərək Bütöv Azərbaycan yaradılması hədəfini qarşıya qoyub.

Pənah Hüseyn: Əbülfəz Elçibəy Azərbaycan tarixinin ən görkəmli şəxsiyyətlərindəndir. Böyük dövlət adamıdır, böyük siyasətçidir. Azərbaycanda müstəqillik qazanıldıqdan sonra demokratik yolla seçilmiş ilk və axırıncı prezidentdir. Azərbaycanda müstəqilliyin bərpasına nail olmuş xalq hərəkatının, onun təşkilatı olan Azərbaycan Xalq Cəbhəsinin yaradıcısı, banisi və rəhbəridir. Azərbaycanda hələ SSRİ dövründə totalitar rejimə qarşı mübarizədə gizli təşkilatlamadan tutmuş təbliğata qədər mübarizə aparan və buna görə cəza alaraq KQB (SSRİ dönəmində Dövlət Təhlükəsizlik Komitəsi-red) zindanlarına atılmış dissidentlərdəndir. Keçmiş SSRİ dissidentləri arasında milli respublikalardan olan ilk dissidentdir ki, öz yaratdığı təşkilatın əsas hədəfi kimi SSRİ-dən ayrılmanı irəli sürüb. Eyni zamanda Elçibəy İran Azərbaycanının da müstəqilləşməsini və bu, iki müstəqil dövlətin gələcəkdə birləşərək Bütöv Azərbaycan yaradılması hədəfini qarşıya qoyub. Bu, onun 1971-1974-cü illərdəki fəaliyyəti ilə bağlıdır. Əbülfəz Elçibəy böyük ideoloqdur, Azərbaycançılıq, Türkçülük ideoloqudur. Eyni zamanada Azərbaycan tarixində demokratik nəzəriyyənin, demokratik ideolojinin, liberalizmin və milli demokratiyanın nəzəriyyəsini işləyib hazırlayıb. Bu gün hərəkat onun, bu ideologiyasının əsasında cərəyan edir. Bu baxımdan, bu gün də Elçibəy ətrafında ciddi ideoloji münasibətlər ortaya qoyulur, mübarizə gedir. İndiki iqtidarın faktiki olaraq ideoloji rəqibi Elçibəy, Elçibəyçilik, onun nəzəriyyəsi, onun ideologiyası olaraq qalır. Hesab edirəm ki, Əbülfəz Elçibəy hakimiyət uğrunda mübarizədə Heydər Əliyevə uduzdusa da ideoloji baxımdan, əxlaqi-mənəvi baxımdan və siyasi baxımdan Heydər Əliyevə, əliyevçiliyə və onların simvolizə etdiyi rejimə və sistemə qarşı mübarizədə qalib gəldi. Hakimiyyət uğrunda mübarizə keçicidir, Elçibəyin qalibiyyəti isə əbədidir.

Amerikanın Səsi: Elçibəy hökuməti dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik azadlıqların bərpası yolunda hansı addımları atdı? Bu yolda nələri edə bilmədiniz?

Keçmiş Ali Sovet əksinqilabın mərkəzi rolunu oynadı. Biz inqilabla hakimiyyətə gəlmişdik, amma inqilab axıra çatdırılmadı, yarı yolda dayandı

Pənah Hüseyn: Azərbaycan Milli Ordusunun yaradılmasını başa çatdırdı. Rusiya qoşunlarının keçmiş Sovet məkanında ilk dəfə, o cümlədən hətta Baltikyanı və Avropa ölkələrinin bəzilərindən daha tez ölkədən çıxarılmasına nail oldu. Bununla da təkcə Azərbaycanda yox, keçmiş SSRİ məkanında müstəqilliyin təminatına çox güclü töhfə verdi. Çünki bu siyasət, bu addım sonradan nəinki Azərbaycan miqyasında, keçmiş Sovet sistemi məkanında SSRİ-nin, imperiyanın bərpasına yönəlmiş səylərin qarşısının alınmasında həlledici rol oynadı. Azərbaycanın milli valyutasını tətbiq etdi, müstəqilliyin iqtisadi əsasını qoydu. Azərbaycanda özəlləşdirmə proqramı qəbul etdi və bununla da azad bazar rəqabətinə keçidin əsasını qoydu. Azərbaycanda azsaylı xalqlar haqqında, o dövrdə bütün dünyada böyük yardım almış, çox mütərəqqi bir qanunvericilik aktını ortaya qoydu. Yeni müstəqillik qazanmış milli dövlətlərdə milli problemin həllinin nümunəsini ortaya qoydu. Bunun əhəmiyyəti təkcə Azərbaycan miqyası ilə məhdudlaşmır. Azərbaycanda ilk demokratik seçki qanununu qəbul etdi və müzakirəyə təqdim etdi. Hesab edirik ki, 1918-1920-ci illərdəki Azərbaycan Demokratik Cümhuriyyətinin hürriyyət ənənələrini, cümhuriyyət ənənələrinin praktiki olaraq həyata keçirilməsində mühüm addımlar atdı. Əbülfəz Elçibəyin strategiyasının əsaslarından biri ondan ibarət idi ki, Azərbaycandakı demokratik proses dünya demokratik prosesinin tərkib hissəsidir. Ona görə də dünyanın demokratik qüvvələri ilə, demokratik təsisatlarla, dünyada gedən demokratik proseslərin təminatı olan beynəlxalq güclərlə (həm dövlətlərlə, həm də təşkilatlarla) ittifaqın və əməkdaşlığın əsaslarını qoydu. Onun bu istiqamətdə siyasəti, nəzəri və ideoloji əsasları qurması bu gün də aktuallığını saxlayır.

Yerinə yetirilməyən məsələlərə gəlincə, bunlar əsasən, Qarabağ münaqişəsinin davam etməsi ilə əlaqədar olan məsələlərdir. Əlbəttə, o dövrdə hərbi senzuranın mətbuatda tətbiqini qeyd etmək lazımdır. Müharibə getdiyindən mətbuat azadlığını tam təmin etmək mümkün olmadı. Müharibənin getməsi, Kəlbəcərin işğalı və hətta ölkənin geniş əraziləri üçün işğal təhlükəsi yarandığına görə bir sıra rayonlarda, bir müddət respublikada fövqəladə vəziyyət tətbiq etməyə məcbur olmuşduq. Ən ciddisi isə, - bizim strateji səhvlərimizdən biri hesab edirəm, (hesab etmirəm Elçibəyin səhvi idi, hər halda komandanın səhvi idi) - baxmayaraq ki, yanvar ayında seçki qanunu hazırlandı (1993-cü ilin yanvarı-red) və müzakirəyə buraxıldı. Müzakirələrdə iştirak üçün siyasi patiyalara və ictimaiyyətə rəsmi müraciət edildi. Lakin mən hesab edirəm ki, (indi bu barədə belə qənaətə gəlirik) dərhal, gözləmədən, hətta keçici müddət üçün parlamenti yenidən seçmək lazım idi. Çünki, faktiki olaraq keçmiş Ali Sovet (parlament) əksinqilabın mərkəzi rolunu oynadı. Biz inqilabla hakimiyyətə gəlmişdik, amma inqilab axıra çatdırılmadı, yarı yolda dayandı. Bu da əslində məğlubiyyətlərin xeyli dərəcədə əsas səbəbi oldu.

Amerikanın Səsi: Sizin hökumətin daxili və xarici siyasətinin əsas prioritetləri nə idi və hazırki hökumətin siyasətindən nə ilə fərqlənir?

Daxili siyasətin əsas prioriteti insan azadlıqlarının tam şəkildə bərpa olunmasına nail olmaq, azad, ədalətli seçki keçirmək, azad bazar iqtisadiyyatına əsaslanan azad iqtisadi sistem yaratmaq idi.

Pənah Hüseyn: Daxili siyasətin əsas prioriteti insan azadlıqlarının tam şəkildə bərpa olunmasına nail olmaq, azad, ədalətli seçki keçirmək, azad bazar iqtisadiyyatına əsaslanan azad iqtisadi sistem yaratmaq idi. Xarici siyasətdə isə əsas prioritet dünyanın demokratik qüvvələri ilə, konkret olaraq, o dövrdə demokratiyanın təminatçısı olan qərb dövlətləri ilə, ABŞ daxil olmaqla, ciddi siyasi, strateji əməkdaşlığın əldə olunması idi. Bu istiqamətdə əsas vasitə isə Türkiyə ilə müttəfiqlik münasibətlərinin bərpası idi. Eyni zamanda, bizim əsas məqsədlərimizdən biri də qonşu dövlətlər, Rusiya və İranla dinc-yanaşı yaşamağın yollarını tapmaqdan ibarət idi.

Amerikanın Səsi: Elçibəy hökumətinin tarixi dərsləri nədir? İndiki hakimiyyət Elçibəy hökumətindən nələri nümunə götürməlidir ?

Elçibəy sistemi ilə indiki Əliyev sistemi antipodlardır.

Pənah Hüseyn: Dərs ondan ibarətdir ki, bütün situasiyanın ağırlığına baxmayaraq doğru, düzgün, prinsipial, ardıcıl, sistemli demokratik mübarizəni davam etdirmək və demokratiyanın təsbitinə nail olmaq lazımdır. İkincisi, indiki hakimiyyətlə Elçibəy hakimiyyətinin müqayisəsini doğru hesab etmirəm. Çünki indiki hakimiyyət qapalı cəmiyyət hədəfini götürmüş totalitar, avtoritar bir rejimin bərqərar olunmasına yönəlib. Elçibəy sistemi ilə indiki Əliyev sistemi antipodlardır. Mənə elə gəlir ki, əvvəl-axır, ya indiki rejim özünün tam totalitar nəticəsinə nail olmalıdır, lakin böyük ehtimalla ən yaxın dövrdə inqilabi-demokratik yolla ölkədə sistem dəyişməlidir.

XS
SM
MD
LG