Accessibility links

Xarici İşlər Nazirliyi: Azərbaycanda 1,2 milyon məcburi köçkün var


“Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonu işğal edilib. İşğal edilmiş ərazilərdə və Ermənistan ərazisində 1 milyondan artıq azərbaycanlı etnik təmizləməyə məruz qoyulub. Nəticədə, hazırda Azərbaycanda əhali artımı ilə əlaqədar olaraq məcburi köçkünlərin sayı 1.2 milyon nəfəri keçib”.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 20 iyun Dünya Qaçqınlar Günü ilə əlaqədar açıqlamasında bildirir.

Azərbaycan qaçqınları
Azərbaycan qaçqınları

Hacıyev bildirib ki, məcburi köçkün probleminin yeganə həlli onların təhlükəsiz və ləyaqətli şəkildə öz torpaqlarına qayıtmasının təmin olunmasıdır.

“Ermənistan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq, Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmalı və nəticə etibarilə, azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və öz mülkiyyət hüquqlarından istifadə etməsi təmin olunmalıdır. Yalnız bu halda münaqişənin davamlı həlli və regionda sülh və sabitliyin təmin olunması mümkündür”, o qeyd edib.

Hər il 20 iyun BMT tərəfindən Dünya Qaçqınlar günü kimi qeyd olunur.

BMT-nin Baş Katibi Antonio Quterreşin Baş Assambleyanın 72-ci sessiyasında bildirib ki,“qaçqınlar, məcburi köçkünlər və miqrantlar əsl problem deyil, problemin kökü münaqişə, təqib və ümidsiz yoxsulluqdur”.

BMT-nin Qaçqınlar üzrə Ali Komisarlığının məlumatına görə, bütün dünya üzrə məcburi köçkünlərin sayı rekord həddə, 41 milyon nəfərə çatib.

XS
SM
MD
LG