“Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Yunis Səfərovla birgə cinayətin hazırlanmasında iştirak edən mütəşəkkil cinayətkar dəstənin üzvlərindən daha 3 nəfər tutulub. Bu cinayətkar dəstənin digər üzvlərinin müəyyən edilib məsuliyyətə cəlb olunması üçün tədbirlər davam etdirilir.” Bu barədə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətlərinin birgə məlumatında deyilir.
Gəncə şəhərində anadan olmuş Yunis Səfərov çərşənbə axşamı Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı polis serjantı Qasım Aşbazova odlu silahdan atəş açaraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Yunis Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq, bunun üçün bir neçə tanınmış dövlət məmurunu öldürməklə respublikada ajiotaj, xaos, vahimə yaratmaq, nəticə etibarı ilə hakimiyyətin zorla ələ keçirilməsini təşkil etmək olub.Azərbaycan hökuməti
Rəsmi orqanlar hesab edirlər ki, Rusiya vətəndaşı olan Yunis Səfərovun törətdiyi bu cinayət məqsədyönlü şəkildə həyata keçirilən əvvəlcədən planlaşdırılmış terror aktıdır. Azərbaycan rəsmiləri Səfərovun 2016-cı ildə İrana gedərək 8 ay Qum şəhərində yaşayıb və bu müddət ərzində Azərbaycan vətəndaşı olan Rasim Əsədovla birgə Suriyanın ərazisində olan silahlı birləşmələrin tərkibində döyüş təlimi keçdiyini iddia edir.
Rəsmi orqanlar bildirir ki, Səfərov 2017-ci ildə Azərbaycana qayıdaraq Gəncə şəhərinə gəlib, həmin ilin iyun ayında odlu silah əldə etmək üçün “Kapitalbank”ın Gəncə filialında postda duran polis əməkdaşına hücum edib, başına küt alətlə xəsarət yetirərək “Makarov” markalı xidməti tapançasını ələ keçirib. Bundan sonra, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevi öldürmək məqsədilə 2018-ci ilin yanvarında Elmar Vəliyevi izləyib, şübhəli davranışı polis əməkdaşının diqqətini cəlb etdiyindən həmin tapançadan atəş açaraq onu yaralyıb hadisə yerindən qaçıb.
Cari il iyulun 3-də isə Gəncə şəhər İcra Hakimiyyətinin qarşısına gələrək, qeyd olunduğu kimi, Elmar Vəliyevi və onun yanında olan polis əməkdaşını qətlə yetirməyə cəhd edib.
"Araşdırmalar göstərir ki, Yunis Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq, bunun üçün bir neçə tanınmış dövlət məmurunu öldürməklə respublikada ajiotaj, xaos, vahimə yaratmaq, nəticə etibarı ilə hakimiyyətin zorla ələ keçirilməsini təşkil etmək olub. O, bu məqsədini həyata keçirmək üçün "Müsəlman birliyi hərəkatı" adından Azərbaycan vətəndaşlarına videomüraciət də hazırlayıb onu xarici ölkədə yaşayan məsləkdaşlarına göndərib və iyulun 3-də Gəncə şəhərində törətdiyi terror aktı baş tuacağı halda həmin müraciətin respublikada yayılmasını nəzərdə tutub. Videomüraciətdə Yunis Səfərov "Müsəlman birliyi hərəkatı"nın sədri Taleh Bağırzadənin üç körpəsini başsız qoyan şəxsi öldürmüşəm, bundan nümunə götürün. İslamın düşmənlərini öldürün, Azərbaycanda hakimiyyəti islam birliyi ələ almalıdır" deyərək, ölkə əhalisini respublikanın vəzifəli şəxlərinə qarşı silahlı mübarizəyə qalxmağa çağırış edib," məlumatda qeyd edilir.