İyulun 11-də Brüsseldə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında görüş keçiriləcək.
Azərbaycan Xaici İşlər Nazirliyinin Mətbuat xidmıtinin məlumatına görə, iki ölkənin xarici işlər nazirləri ATƏT-in Minsk qrupu həmsədrlərinin (İqor Popov - Rusiya, Stefan Viskonti - Fransa və Endrü Sxofer - ABŞ) vasitəçiliyi ilə görüşəcək. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edəcək.
Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.
Elmar Məmmədyarov iyulun 11-də keçiriləcək görüşlə bağlı bildirib ki, seçim Ermənistan tərəfdədir.
“Qarşıdan gələn görüş göstərəcək ki, Ermənistan, nəhayət, münaqişənin həllində konstruktiv rol oynamağa hazırdır, ya yox”, o qeyd edib.
Nazirin sözlərinə görə, 2018-ci ilin əvvəlində əldə olunan razılıq ondan ibarət ki, mövcud gündəlik əsasında Ermənistanda və Azərbaycanda keçiriləcək seçkilərdən sonra intensiv danışıqlar davam etdirilsin.
“Göründüyü kimi, Ermənistanda labüd siyasi böhran baş verdi. Azərbaycan bunu daim bəyan edirdi ki, Sarkisyan rejiminin yürütdüyü siyasət Ermənistanı uçuruma aparır. Ermənistandakı siyasi prosesləri təmkinlə və yaxından izləyərək Azərbaycan tərəfi bildirdi ki, Ermənistanda hakimiyyətə gələn yeni qüvvələr sağlam düşüncəli siyasət yürüdərlərsə, münaqişənin həllində irəliləyiş əldə etmək olar. Əgər onlar da Sarkisyan rejiminin yolu ilə gedərlərsə, onları da eyni aqibət gözləyir. Ermənistan rəhbərliyi başa düşməlidir ki, münaqişənin həll edilməsi onların ən çox ehtiyac duyduğu regional əməkdaşlıq imkanları yarada və regionda davamlı sülhü təmin edə bilər”.
O deyib ki, danışıqlar prosesində Azərbaycanın mövqeyi aydın, birmənalı və qətidir və bu, ilk növbədə, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanır.
“ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin formatı və gündəliyi aydındır. Münaqişənin mərhələli həlli prosesinin yol xəritəsini də hər kəs çox yaxşı bilir. Münaqişənin həllində irəliləyiş əldə etmək üçün, ilk növbədə, işğal faktı aradan qaldırılmalı və BMT Təhlükəsizlik Şurasının qətnamələrində tələb olunduğu kimi, Ermənistan qoşunları Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmalıdır”, Məmmədyarov AZƏRTAC dövlət agentliyinə müsahibəsində qeyd edib.
Bu, Nikol Paşinyan mayın 8-də Ermənistanın baş naziri seçildikdən sonra iki ölkə arasında münaqişə ilə bağlı ilk görüşdür. N.Paşinyan Dağlıq Qarabağın danışıqlarda tərəf kimi çıxış etməsi ilə bağlı bəyanat vermişdi. Azərbaycan tərəfi bunun qəbuledilməz olduğunu, danışıqların bundan öncə tərəflərin razılaşdırdığı prinsiplər əsasında davam etdirilməsinin vacibliyini qeyd edib.