Accessibility links

Türkiyə prezidenti ilk səfərini Azərbaycana edib


İyulun 10-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanda səfərdə olub. Bu, Türkiyə prezidentinin seçkilərdən sonra ilk xarici səfəridir. Rəcəb Tayyib Ərdoğan birinci dəfə də prezident seçiləndə ilk səfərini Azərbaycana etmişdi.

Səfər çərçivəsində Türkiyə prezidentinin Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək və geniş tərkibdə görüşü olub.

Azərbaycan prezidentinin rəsmi saytı bildirir ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə inam ifadə olunub.

Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Prezidentlərin birgə keçirdiyi mətbuat konfransında İlham Əliyev bildirib ki, Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı sarsılmaz və əbədidir.

“Bu səfər bir daha bizim birliyimizi göstərir”.

O deyib ki, son seçkilərdə Türkiyə xalqı yenidən R. T. Ərdoğana etimad göstərib.

İlham Əliyev və Rəcəb Tayyip Ərdoğan
İlham Əliyev və Rəcəb Tayyip Ərdoğan

“Sizin liderliyinizlə Türkiyə şərəfli yol keçib, dünyada gücə çevrilib, beynəlxalq aləmdə nüfuz sahibidir. Türkiyə iqtisadi inkişafa görə dünyada ən qabaqcıl yerlərdədir. Sizin rəhbərliyinizlə Türkiyədə sabitlik bərqərar olub. Türkiyənin uğurları Azərbaycan xalqını sevindirir. Bizim şəxsi dostluq əlaqələrimiz ölkələrimizi bir-birinə sıx bağlayır. Bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir. Biz beynəlxalq aləmdə daim bir-birimizi dəstəkləyirik”.

Əliyevin sözlərinə görə, Azərbaycan Türkiyəyə 13,9 milyard dollar, Türkiyə şirkətləri isə Azərbaycana 12 milyard dollardan çox vəsait qoyub.

“Keçən ay Əskişəhərdə TANAP-ın açılışında bir yerdə olmuşuq. TANAP layihəsinin təməlini 2012-ci ildə İstanbulda saziş imzalamaqla qoymuşuq. Cənub Qaz Dəhlizi layihəsinin uğurla icrası başa çatır. TANAP-ın başa çatması bu istiqamətdə atılan böyük addımdır. Türkiyə və Azərbaycan Avrasiyanın enerji xəritəsini yenidən tərtib edir. Bizim birgə layihələrimiz nəinki region, Avrasiya üçün də böyük əhəmiyyət daşıyır, regional sabitliyə böyük töhfə verir. Əminəm ki, Türkiyə və Azərbaycanın birgə səyi ilə bölgədə sülh yaranacaq”.

Əliyevin sözlərinə görə, Türkiyə Dağlıq Qarabağ məsələsində daim Azərbaycana dəstək verir.

“Ermənistan BMT qətnamələrinə əməl etməlidir, Azərbaycan əraziləri işğaldan azad edilməlidir. Türkiyənin mövqeyi beynəlxalq hüquqa tam uyğundur. Azərbaycan da daim Türkiyəni dəstəkləyir”.

İlham Əliyev və Rəcəb Tayyip Ərdoğan
İlham Əliyev və Rəcəb Tayyip Ərdoğan

Dövlət başçısı bildirib ki, Azərbaycan Türkiyədən yeni, müasir silahlar alır və bu silahların bir hissəsi bu günlərdə Bakıda keçirilən hərbi paradda nümayiş etdirilib.

“Bu il Türkiyə ilə Azərbaycan arasında hərbçilərin iştirakı ilə 7 birgə təlim keçirilməlidir. Bu təlimlərdən üçü keçirilib, dördü də keçiriləcək”.

Rəcəb Tayyib Ərdoğan deyib ki, Azərbaycanla həm enerji, həm də müdafiə sənayesi sahəsində atdığı addımlar böyük əhəmiyyət kəsb edir.

“TANAP Azərbaycan üçün həyati əhəmiyyətli layihədir. Bu layihə tək Azərbaycan və Türkiyə deyil, Azərbaycanla Avropa arasında əlaqə yaradır. Bu, həm də qardaşlığımıza qoyulan strateji sərmayədir. Azərbaycanın Türkiyədəki Əliağa layihəsinə qoyduğu sərmayə çox önəmlidir. Payızda yeni sərmayə qoyuluşu ilə bağlı layihələr həyata keçirəcəyik”.

O, bir daha xatırladıb ki, Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir.

“Hazırda iki ölkə arasında ticarət əlaqələri artır, münasibətlər inkişaf edir. Bu, qardaşlıq münasibətlərimizin necə inkişaf etdiyini göstərir. Türkiyə müdafiə sənayesində 15 il əvvəl kimlərəsə möhtac idisə, indiki müdafiə məhsullarına ehtiyacının 65 faizini özü təmin edir. Biz bu imkanlarımızı qardaş ölkələrlə də paylaşırıq”.

Ərdoğan Azərbaycan prezidentinə FETÖ-yə qarşı mübarizə ilə bağlı təşəkkür edib.

“İki ölkənin təhsil nazirlikləri bu sahədə problemləri həll etmək üçün birgə çalışacaq”.

O deyib ki, Türkiyə Dağlıq Qarabağ və Naxçıvan məsələlərində üzərinə düşəni edib və etməyə davam edəcək.

“Naxçıvanla Türkiyə arasında quru yolları ilə bağlı çətinliklər aradan qalxıb. Biz indi bir dəmir yolu çəkməklə nəqliyyat əlaqələrini inkişaf etdirmək bu sahədə daha bir önəmli addım olacaq”, Türkiyə prezidenti qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG