Accessibility links

ADR Hərəkatı Angela Merkelə müraciət qəbul edib


“Dağlıq Qarabağ və ətrafda yerləşən 7 rayonun işğaldan azad edilməsi, 1 milyona qədər məcburi köçkünün ata yurduna qayıtması Cənubi Qafqazda sülh və təhlükəsizliyin bərpası üçün çox önəmlidir. Xahiş edirik ki, nüfuzunuzdan istifadə edib, Ermənistan rəhbərliyinin işğalçı siyasətindən əl çəkməsinə təsir edərək bu problemin həllində dəstəyinizi əsirgəməyəsiniz”. Bu barədə Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının avqustun 22-dən 25-dək Cənubi Qafqaz ölkələrində səfərdə olacaq Almaniya kansleri Angela Merkelə müraciətində deyilir.

ADR Hərəkatı həmçinin xanım Merkeldən xahiş edir ki, demokratiyanın inkişafı üçün vacib olan institutların, müxalif siyasi partiyaların, vətəndaş cəmiyyətinin və mətbuatın azad fəaliyyəti üçün mühit yaradılmasının vacibliyini, azad sahibkarlığın inkişafı üçün siyasi və iqtisadi islahatların aparılması zəruriliyini Azərbaycan hakimiyyətinin diqqətinə çatdırsın.

“Xahiş edirik ki, Azərbaycanın avro-atlantika məkanına inteqrasiyasının, Dünya Ticarət Təşkilatına qəbulunun sürətləndirilməsi üçün regional və qlobal səviyyədə Azərbaycan-Almaniya əməkdaşlığını gücləndirəsiniz. Azərbaycanda fundamental hüquq və azadlıqların təminatı, siyası motivlərlə həbs olunmuş jurnalistlərin, bloqerlərin, vətəndaş cəmiyyəti və siyasi partiya fəallarının azad olunması üçün təşəbbüs göstərəsiniz”, ADR Hərəkatının müraciətində qeyd edilir.

Sənəddə almanların iki əsr öncə Azərbaycana köçürülməsindən, Azərbaycan xalqı ilə mehriban münasibətdə yaşamasından da danışılır.

“XİX əsrin əvvəllərindən başlayaraq almanlar bu bölgəyə, xüsusilə də Gürcüstana və Azərbaycana köç edib. Onlar Azərbaycanın hazırkı Göygöl, Ağstafa, Tovuz və Şəmkir ərazilərində Helenendorf (bugünkü Göygöl şəhəri), eləcə də Annenfeld, Qrünfeld, Qeorqsfeld, Traunbenfeld, Eyqenfeld adında yaşayış məskənləri salıblar. Azərbaycanda məskunlaşdıqları dövrdə dini tolerantlıq və qonaqpərvərliklə qarşılanan alman icması Azərbaycanın siyasi, iqtisadi və mədəni həyatında fəal iştirak edib, şərabçılıq ənənələrinin əsasını qoyub. Biz sizin səfərinizi də çoxillik Azərbaycan-Almaniya münasibətlərinin davamı kontekstindən qiymətləndiririk”, müraciətdə deyilir.

Almaniya kansleri Angela Merkel avqustun 25-də Azərbaycanda səfərdə olacaq.

.

XS
SM
MD
LG