Qarabağ Komitəsi sentyabrın 29-da “Qarabağa azadlıq!”, “Köçkünləri yurdlarına qaytarın!” şüarları ilə Bakıda, İnşaatçılar metro stansiyasının yaxınlığındakı “Məhsul” stadionunda mitinq keçirmək haqqında qərar qəbul edib. Bu barədə komitəsinin üzvü, Qarabağ Azadlıq Təşkilatının rəhbəri Akif Nağı Amerikanın Səsinə bildirib.
Onun sözlərinə görə mitinqin keçirilməsi ilə bağlı sentyabrın 12-də qanunvericiliyə müvafiq olaraq Bakı şəhər İcra Hakimiyyətinə müraciət ediləcək.
Qarabağ Komitəsi iki ay öncə təsis edilib. Komitəyə Klassik Xalq Cəbhəsi, Müsavat, Milliyətçi Hərəkat, İslam, Xalq, Ağ, Vərəndaş Həmrəyliyi, Mili Demokrat partiyaları,Qarabağ Azadlıq Təşkilatı, Qərbi Azərbaycana Qayıdış İctmai Birliyi, Qarabağ Qaziləri təşkilatı daxildir.
Komitənin məqsədi Qarabağ probleminin daim ictimai diqqətdə saxlanılmasıdır. Komitə bunun üçün mütamədi olaraq mitinqlər, yürüşlər, elmi konfranslar, sərgilər, görüşlər və digər ictimai tədbirlər keçirməyi planlaşdırır.