Accessibility links

Azərbaycan və Rusiya xarici işlər nazirlikləri siyasi məsləhətləşmələr keçirib


Azərbaycan və Rusiya bayraqları

Sentyabrın 26-da Bakıda Azərbaycan və Rusiya xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə məsləhətələşmələrə Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Xələf Xələfov, Rusiya tərəfdən XİN-in stats-katibi – nazir müavini Qriqori Karasin rəhbərlik edib.

Xəbərdə deyilir ki, nazir müavinləri strateji tərəfdaşlıq səviyyəsində inkişaf edən çoxşaxəli Azərbaycan-Rusiya münasibətlərinin hər iki ölkənin maraqları və ümumiyyətlə regionun sabitliyi, habelə tərəqqi üçün yeni imkanların açılması baxımından önəmli olduğunu bildirib.

Tərəflər iki ölkə arasında yüksək səviyyədə intensiv dialoqun oldğunu qeyd edib. Azərbaycan və Rusiya hökumətlərinin imzaladığı çoxsaylı sənədlər əlaqələrin inkişafına təkan verir.

X.Xələfov ayrı-ayrı sahələr, o cümlədən sənaye, kənd təsərrüfatı, turizm, nəqliyyat və kommunikasiya, təhsil, səhiyyə və başqa istiqamətlər üzrə qarşıda duran vəzifələrin yerinə yetirilməsinin vacibliyini qeyd edib. Nazir müavini iqtisadi əlaqələr üzərində dayanaraq qarşılıqlı ticarət dövriyyəsinin müsbət dinamika ilə seçildiyini vurğulayıb. Azərbaycanın 70-ə yaxın Rusiya Federasiyasının regionları ilə əməkdaşlıq etdiyini xatırladaraq, o, Azərbaycan-Rusiya regionlararası forumların gözəl ənənəyə çevrildiyini misal gətirib.

Q.Karasin Azərbaycanla Rusiya arasında müxtəlif formatlarda, o cümlədən parlamentlərarası təmaslar, habelə müvafiq nazirliklər və qurumlar arasında əməkdaşlıq şəklində aparılan dialoqun intensiv və səmimi xarakter daşıdığını söyləyib. Rusiyanın Cənubi Qafqaz bölgəsində aparıcı mövqe tutan Azərbaycan ilə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayıb.

X.Xələfov təəssüflə qeyd edib ki, Ermənistanın yeni rəhbərliyi beynəlxalq hüququn, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin tələblərinə məhəl qoymayaraq, nəinki işğalçılıq siyasətindən çəkinir, getdikcə daha aqressiv ritorikaya yol verir. Belə məsuliyyətsiz addımların isə Rusiya da daxil olmaqla ATƏT-in Minsk Qrupunun həmsədrlərinin göstərdiyi vasitəçilik səyləri ilə ziddiyyət təşkil etdiyini diqqətə çatdırıb.

Q.Karasin ölkəsinin Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla nizama salınması üzrə vasitəşilik səylərinin davam etdirilməsini vacib hesab etdiyini bildirib.

Xatıraladaq ki, xarici işlər nazirlikləri arasındakı siyasi məsləhətləşmələr Rusiya prezidenti Vladimir Putinin Azərbaycana sentyabrın 27-də gözlənilən səfərindən bir gün öncəyə təsadüf edir.

XS
SM
MD
LG