Azərbaycan prezidenti İlham Əliyev Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında iştirak etmək məqsədi ilə sentyabrın 27-də Tacikistana gedib.
Bu barədə Azərbaycan prezidentinin rəsmi saytı məlumat yayıb.
MDB Dövlət Başçıları Şurasının iclasında 10-dan çox məsələnin müzakirə ediləcəyi gözlənir. Bura əsasən MDB-də əməkdaşlıq məsələləri daxildir. Eyni zamanda, 1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyinə hazırlıq məsələlərinin də nəzərdən keçiriləcəyi gözlənilir.
MDB 1991-ci ildə SSRİ-nin süqutundan sonra təsis edilib. Qurumun təsisçiləri Rusiya, Ukrayna və Belarusdur. Sonra Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistan quruma daxil olub.
Azərbaycan 1991-ci ildən qurumla əməkdaşlıq etsə də, rəsmi üzvlük bir müddət gerçəkləşməyib. Yalnız keçmiş prezident Heydər Əliyev hakimiyyətə gəldikdən sonra, 1993-cü ilin sentyabrında Azərbaycan parlamenti MDB-yə üzvlük məsələsini ratifikasiya edib.
Gürcüstan 2008-ci ildə Rusiya qoşunları onun ərazisinə daxil olduqdan, Ukrayna isə 2014-cü ilin martıda Rus ordusu Krıma daxil olduqdan sonra qurumun üzvlüyündən çıxıb.
Türkmənistan 2005-ci ildən MDB-də müşahidəçi kimi fəaliyyət göstərir.