Accessibility links

ADR Hərəkatının fəalı həbs edilib


Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) İdarə Heyətinin üzvü Hüseyn Məlikə 25 sutkalıq həbs cəzası verilib.

Bu barədə ADR Hərəkatının bəyanatında deyilir.

Bəyanatda qeyd olunub ki, bu gün gecə saatlarında Hüseyn Məlikin yaşadığı evə mülki geyimli şəxslər hücum edib, evin qapısını sındıraraq onu zorla maşına mindirib naməlum istiqamətə aparıblar.

Hüseyn Məlik inzibati qaydada 25 sutka həbsə məhkum edilib və Binəqədi Müvəqqəti Saxlama Təcridxanasına göndərilib.

"ADR Hərəkatı baş verən hadisəni Hüseyn Məlikin həm ictimai həyatda, həm də sosial şəbəkələrdəki siyasi fəallığı ilə əlaqələndirir, bunu hakimiyyət tərəfindən insan oğurluğu və fərdi azadlıqların pozulması kimi dəyərləndirir. Təsadüfi deyil ki, H.Məlikin şəxsi Facebook səhifəsindəki statusları 29 may 2016-cı il tarixinə qədər silinib. Bu da məhkəmənin Hüseyn bəyə hansı ittiham irəli sürməsindən asılı olmayaraq onun ictimai-siyasi fəaliyyətinə yönəlik hərəkətlərinə görə cəzalandırıldığını, insan haqlarının, fikir azadlığı və ifadə edilməsi hüquqlarının pozulduğunu açıq şəkildə sübut edir və məhkəmənin siyasi sifariş yerinə yetirdiyini təsdiqləyir", sənəddə qeyd edilir.

ADR Hərəkatı son dövrlər siyasi fəallara, açıq fikirli insanlara qarşı hakimiyyətin apardığı repressiv siyasəti pisləyir və Hüseyn Məlik də daxil olmaqla, bütün siyasi məhbusların tezliklə azad olunmasını tələb edir.

Rəsmi qurumlar Hüseyn Məlikin həbsi ilə bağlı hələ məlumat yaymayıb.

Məlik facebook səhifəsində Azərbaycan hökumətinin kəskin tənqidçisi kimi tanınır.

XS
SM
MD
LG