Cənubi Karolina ştatının münsiflər məhkəməsi silahsız qaradərili şəxs qaçmağa cəhd göstərərkən ona atəş açaraq öldürən ağdərili polis zabitini ittiham edib.
Maykl Slaqer aprelin 4-ü 50 yaşlı Valter Skotu qətlə yetirməkdə təqsirləndirilir. Slaqer Skotu idarə etdiyi avtomobilin əyləc işığı sınıq olduğuna görə saxlayıb.
Yaxınlıqda dayanan bir şəxs tərəfindən telefon kamerası ilə çəkilən video görüntüdə Valter Skot qaçarkən Slaqerin silahını çıxararaq ona səkkiz güllə atdığı nümayiş etdirilib.
Polis zabiti daha əvvəl Valter Skotun mübahisə zamanı onun elektroşok silahını götürdükdən sonra atəş açdığını iddia edib.
Təqsirli bilinsə Maykl Slaqer parolsuz 30 il və ya ömürlük həbs cəzası ilə üzləşə bilər.
Cənubi Karolina ştatında baş vermiş insident Birləşmiş Ştatlarda silahsız qaradərili şəxslə ağdərili polis arasında baş verib ölümlə nəticələnən hadisələr arasında sonuncusudur.
Bu insidentlər ölkədə genişmiqyaslı etiraz nümayişlərinə yol açıb.
ABŞ Ədliyə Departamenti bir neçə bu növ hadisələrdə polisin insan haqlarını pozub-pozmadığını araşdırmaq üçün təhqiqatlar aparır.