Accessibility links

İslam Əməkdaşlığı Təşkilatı ölkələrində dəyişikliklər və transformasiya mövzusunda forum keçirilib


İslam ölkələrinin siyasətlərində mühüm dəyişikliklərin və transformasiyaların edilməsi üçün səmərəli təkliflər və tövsiyələr müzakirə edilib.

Bakıda “İslam Əməkdaşlığı Təşkilatı (İƏT) ölkələrində dəyişikliklər və transformasiya” mövzusunda İƏT üzvü dövlətlərinin Forumu öz işinə başlayıb. Forumun təşkilatçıları Azərbaycan Strateji Araşdırmalar Mərkəzi və Türkiyənin “Türk-Avrasiya” Strateji Araşdırmalar Mərkəzidir. Tədbir İslam İnkişaf Bankı və “Azərcell”in dəstəyilə keçirilib.

Prezident Administrasiyasının (PA) əməkdaşı Elnur Aslanov islam ölkələrinin daxili və xarici siyasətlərində mühüm dəyişikliklərin və transformasiyaların edilməsi üçün səmərəli təkliflər və tövsiyələr, yeni islahat modellərinin hazırlanmasını Forumun əsas məqsədi adlandırıb.

Dövlət başçısı İlham Əliyevin tədbir iştirakçılarına təbriki oxunub. “Azərbaycanın gələcək iqtisadi-siyasi inkişafı elmə və informasiyaya əsaslanan cəmiyyət strategiyasıdır”, - deyə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Azərbaycanın inkişafı haqda danışıb.

Bütün dünyada böhranın yaşanmasına baxmayaraq, ölkədə ümumi daxili məhsulun (ÜDM) 9% artdığı, yaxın gələcəkdə 2 dəfə artırılacağı qeyd olunub. Bu artımın qeyri-neft sektoru və innovasiyalar hesabına baş verəcəyi nəzərə çatdırılıb. Ölkə əhalisinin 60%-nin İnternetə çıxışının olması vurğulanıb.

Xarici işlər naziri Elmar Məmmədyarov qeyd edib ki, dünyada və Orta Şərqdə sülhə və təhlükəsizliyə təhdidin olmasına baxmayaraq, Azərbaycan bu ölkələrlə davamlı tərəfdaş olaraq qalır.

Ermənistan-Azərbaycan münaqişəsinə toxunan nazir Ermənistanın “yenilənmiş Madrid prinsipləri”ni qəbul etmədiyini deyib. Hətta Rusiya prezidentinin səylərinə baxmayaraq, məsələ həllini tapmayıb.

Nazir deyib ki, BMT qətnamələri Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmağa və qaçqınların öz torpaqlarına qayıtmasına çağırır. "Lakin təəssüf ki, biz həmin qətnamələrin həyata keçirilməsinə nail ola bilmirik. BMT TŞ-nin bir sıra qətnamələrinin həyata keçirilməsinə ya ertəsi gün, ya da bir həftə ərzində başlandığı halda Dağlıq Qarabağla bağlı qətnamələr indiyədək reallaşdırılmayıb. Halbuki hamı Azərbaycan ərazilərinin işğal altında olduğunu, əhalinin etnik təmizlənməyə məruz qaldığını etiraf edir".

Cənab Məmmədyarov xatırladıb ki, Azərbaycan anlayır ki, Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması münaqişənin nizamlanmasının sonu deyil. “Problemin tam həlli üçün Dağlıq Qarabağın statusunun müəyyən olunması vacibdir.

Ermənistanın qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasından sonra dağıdılmış kommunikasiyaların açılması imkanı yaradacaq.

"Qoşunların təmas xəttində mütəmadi olaraq atışmalar baş verir, lakin bu halların Azərbaycanın ərazisində yad dövlətin qoşunlarının olmasına görə baş verdiyini hamı etiraf edir".

"BMT nizamnaməsinə görə, hamı tərəfindən tanımış beynəlxalq hüquq normaları var, biz öz ərazilərimizi xarici qoşunlardan azad etmək üçün bütün üsullardan istifadə edib, ərazi bütövlüyünü və suverenliyini bərpa edə bilərik. Azərbaycanın ərazi bütövlüyünün bərpası tələbi BMT-nin və başqa təşkilatların, eləcə də İƏT-in qətnamələrində aydın şəkildə əks olunub", - deyə nazir qeyd edib.

E.Məmmədyarov deyib ki, münaqişə tərəfləri qaçqınların və məcburi köçkünlərin daimi yaşayış yerlərinə qayıtmaları üçün, o cümlədən iqtisadi imkan yaratmalıdır.

Nazir xatırladıb ki, bu il həmsədr ölkələrin hər üçündə və Ermənistanda seçkilər keçiriləcək. Bu səbəbdən danışıqlar aparmaq çətindir. “Lakin biz tərəfdaşlarımıza bu vəziyyətdən sülh danışıqlarının əngəllənməsi üçün deyil, xüsusən də etimadın möhkəmləndirilməsi vasitəsilə Dağlıq Qarabağın erməni və azərbaycanlı icması arasında böyük anlaşmanın yaradılması üçün istifadə olunmasını təklif edirik".

O Azərbaycanın Ermənistanla daim qonşu olacağını da xatırladıb. “Heç kim öz xalqını götürüb qonşudan qaça bilməz. Bəşəriyyətin tarixi göstərir ki, sərhəd divarlarının tikilməsi xeyir gətirmir. Sən öz qonşularınla hesablaşmalısan".

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi tərəfləri Azərbaycan və Ermənistan xalqlarının qarşılıqlı faydası üçün irəliləyişə nail olmalıdırlar.

"İnanıram ki, biz buna ədalətli mövqeyimizi dəstəkləyən islam dünyasının köməyi ilə nail olacağıq. Azərbaycanın inkişafında yeganə problem bu münaqişənin həllidir", - nazir deyib.

Nazir həmçinin anladıb ki, Azərbaycan münaqişəni dinc vasitələrlə həll etmək istəsə də cəbhədə qoşunlar arasında məsafə cəmi 60 metr metrdir. O bununla müharibə təhlükəsinin daim qaldığına işarə edib.

XS
SM
MD
LG