Accessibility links

Slovakiyanın baş naziri Robert Fitsonun vurulmasında təkbaşına hərəkət edən bir şəxs ittiham olunub


Slovakiyanın baş naziri Robert Fitso
Slovakiyanın baş naziri Robert Fitso

Slovakiyanın daxili işlər naziri Matuş Şutay Eştokun cümə axşamı bildirdiyinə görə, Slovakiyanın baş naziri Robert Fitsonun vurulmasında siyasi qruplarla əlaqəsi olmayan və təkbaşına hərəkət bir şəxs ittiham olunub.

Solçu populist lider sui-qəsd cəhdinə çərşənbə günü günortadan sonra mərkəzi Handlova şəhərində, Nazirlər Kabinetinin iclasından sonra məruz qalıb.

Xəstəxana rəsmisi cümə axşamı Fitsonun vəziyyətinin ağır olduğunu, lakin sağ qalacağının gözlənildiyini deyib.

Yerli telekanalı TA3-ün məlumatına görə, polis şübhəli şəxsi çərşənbə günü həbs edib. Şübhəli şəxs cümə axşamı adam öldürməyə cəhddə ittiham olunub.

59 yaşlı baş nazir vertolyotla regionun paytaxtı Banska Bistritsa şəhərinə aparılıb və reanimasiya şöbəsində bir neçə saat əməliyyat olunub.

Slovakiyanın baş nazirinin müavini və ətraf mühit naziri Tomas Taraba BBC-nin "Newshour" verilişinə verdiyi müsahibədə "Mən çox sarsıldım. Xoşbəxtlikdən, bildiyim qədər əməliyyat yaxşı keçib və məncə, o, sonda sağ qalacaq" deyib.

Yerli medianın verdiyi məlumata görə, Fitso Handlova Mədəniyyət Evi qarşısında tərəfdarları ilə görüşdüyü zaman beş dəfə atəş açılıb və o, qarnından yaralanıb.

Eştok çərşənbə günü deyib ki, ilkin istintaq hücumun "açıq-aşkar siyasi motivli" olduğunu müəyyən edib.

Slovakiyada son vaxtlar siyasi iğtişaşlar yaşanıb. Belə ki, minlərlə slovakiyalı Fitsonun siyasətinə etiraz etmək üçün ölkənin paytaxtı Bratislavada dəfələrlə mitinq keçirib. Fitso keçən il, partiyası parlament seçkilərində Rusiyayönlü, anti-Amerika platforması ilə qalib gəldikdən sonra dördüncü dəfə hakimiyyəti ələ keçirib.

Fitsonun siyasi rəqibi, Slovakiya prezidenti Zuzana Kaputova cümə axşamı deyib ki, Slovakiyanın siyasi partiyalarının liderləri xalqı sakitləşdirmək üçün bir araya gələcək.

“Gəlin nifrət və qarşılıqlı ittihamlardan ibarət təkrar olunan tikldan çıxaq. Dünən baş verənlər bir şəxsin təkbaşına etdiyi hərəkət idi. Lakin nifrət mühiti bizim birlikdə yaratdığımız işdir" - deyə, səlahiyyət müddəti yaxında başa çatan prezident Bratislavada keçirdiyi mətbuat konfransında bildirib.

Rusiya prezidenti Vladimir Putin Kaputovaya teleqramında sui-qəsdi "dəhşət" adlandırıb.

ABŞ prezidenti Co Bayden çərşənbə günü verdiyi açıqlamasında "Biz bu dəhşətli zorakılıq aktını pisləyirik. Səfirliyimiz Slovakiya hökuməti ilə sıx əlaqə saxlayır və yardım etməyə hazırdır" deyib.

Forum

XS
SM
MD
LG