Xristian-Demokrat Partiyasının (Almaniyada hakim partiya) Frankfurt regional şöbəsi 2012-ci ildə ianələr haqqında Almaniya Federativ Respublikasının (AFR) qaydalarını pozaraq Azərbaycanın SOCAR Dövlət Neft Şirkətindən 28 min avro alıb. Bu barədə oktyabrın 26-da KİV konsorsiumu bildirib. Bura NDR, WDR ictimai yayımları və Süddeutsche Zeitung (http://www.sueddeutsche.de/politik/parteispenden-cdu-erhaelt-mysterioese-gelder-aus-aserbaidschan-1.3724247) qəzeti daxildir.
Yazıya görə, iki ödəniş - 3 000 və 25 000 avro SOCAR-ın Almaniyadakı nümayəndəliyinin vasitəsilə 2012-ci il fevralın sonlarında Frankfurtda XDP dairə təşkilatının hesabına köçürülüb.
Bu, Bundestaqın işlər idarəsi ilə dördillik hüquqi mübahisəyə səbəb olub. Belə ki, Almaniya qanunvericiliyi partiyalara Aİ-yə daxil olmayan ölkələrdən ianə almağı qadağan edir.
Berlində partiyanın mənzil-qərargahında auditorlar partiyaların maliyyələşdirilməsinə nəzarət edən Bundestaq administrasiyasını vəziyyətlə bağlı xəbərdar ediblər. Bundestaq administrasiyası hələ 2013-cü ilin payızında qərara alıb ki, qanuna görə, belə bəxşiş yolverilməzdir, baxmayaraq ki, Almaniya hesabından daxil olub.
Bundan sonra XDP ianəni tam həcmdə federal xəzinəyə köçürüb. Qanun pozuntusuna baxmayaraq, partiya cərimə ödəməyəcək. Leypsiq İnzibati Məhkəməsi bu ilin aprelində qərara alıb ki, partiyanın səhvini başa düşməsi nəinki cəzanı yüngülləşdirə bilər, hətta onu aradan qaldırar.
Bundestaq administrasiyası Azərbaycan dövlət şirkətinin XDP-yə niyə on minlərlə avro verməsinin səbəblərini araşdırmayıb. Ancaq SOCAR-ın Almaniya şöbəsinin rəhbəri Elmar Məmmədovun sözlərinə görə, siyasətçilərlə vəzifəli şəxslərin qarşılıqlı fəaliyyəti onun üçün "Azərbaycan və SOCAR-ın geosiyasi əhəmiyyəti fonunda vacibdir".