Accessibility links

SOCAR rəsmisi həyat yoldaşının Bodrumda 16 villa alması barədə xəbərləri təkzib edib


Qiymət Mehdiyevin həyat yoldaşının mülk sənədi
Qiymət Mehdiyevin həyat yoldaşının mülk sənədi

Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) mövcud olan Korrupsiyaya qarşı mübarizə və şəffaflıq standartlarına uyğun olaraq, şirkətin Əsaslı investisiya qoyuluşu idarəsinin rəis müavini Qiymət Mehdiyev barəsində yayılan xəbərlərlə bağlı araşdırma aparılır.

Bu barədə SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev Amerikanın Səsinə bildirib.

“Araşdırmanın nəticələri bəlli olan kimi ictimaiyyətə məlumat veriləcək”, o qeyd edib.

Haqqın. az saytı yazıb ki, Qiymət Mehdiyevin həyat yoldaşı Azərbaycan vətəndaşı, 1974-cü ildə anadan olmuş Mehdiyeva Könül Fərhad qızı 2014-cü il iyulun 4-də Türkiyənin elit kurort bölgəsi Bodrumda, Gökçebel qəsəbəsində 16 ikimərtəbəli villa və 12 min 621.71 kvadratmetr torpaq sahəsi alıb. K.Mehdiyeva bu əmlakı Alik Dunkan Morrison və Karen Meri Morrison adlı şəxslərdən əldə edib. K.Mehdiyeva əmlakı almaq üçün 20 milyon dollar ödəyib.

Sayt K.Mehdiyevanın mülkləri alması ilə bağlı sənədlər də dərc edib. Yerli media həmçinin google/mars vasitəsi ilə alınmış villaları nümayiş etdirlib.

Yazıda eyni zamanda Q. Mehdiyevi SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılovun himayə etdiyi vurğulanıb.

Öz növbəsində, SOCAR-ın Əsaslı investisiya qoyuluşu idarəsinin rəis müavini Qiymət Mehdiyev barəsində yayılan xəbərlərlə bağlı bəyanat yayıb.

Q.Mehdiyevin ANS PRESS agentliyinə verdiyi bəyanatı təqdim edirik:

"Dünən bəzi sayt və media orqanlarında mənim həyat yoldaşımın guya Türkiyə Respublikasının Bodrum bölgəsində 20 milyon dollarlıq 16 ədəd villa almağı haqqında həqiqətə qətiyyən uyğun olmayan əsassız məlumatlar yayılmışdı.

Bəyan edirəm ki, bu məlumat yalandır və bunu mənə, ailəmə, işlədiyim təşkilatın işgüzar nüfuzuna zərbə vuran hərəkət kimi qiymətləndirirəm. Mən 30 ildir ki, eyni təşkilatda çalışıram, həyat yoldaşım da interyer dizayn sahəsində mütəxəssisdir və bu sahədə uğurla fəaliyyət göstərir. Heç bir araşdırma aparmadan mənim və ailəmin haqqında yayılmış bu böhtan xarakterli məlumatların bizim konstitusion hüquqularımızı pozduğunu bəyan edir, bu təhdidlərin məqsədli şəkildə aparıldığını bildirirəm.

Hətta məqalədəki fotoda mənim həyat yoldaşım kimi qələmə verilən xanım həyat yoldaşım deyil. Tamamilə yad, bizə aidiyyəti olmayan şəxsdir. Mənim həyat yoldaşımın aldığı ev qeyd edilən ərazidəki çoxsaylı evlərdən yalnız birinin yarısı qədərdir. Bu həqiqəti elə məqalədə göstərilmiş mülkiyyət sənədində də açıq formada qeyd edilib. Ev 1/2 pay olmaqla dəyəri 200000 Türkiyə lirəsi (təqribən 60 min ABŞ dollar civarında) dəyərindədir.
Eyni zamanda qeyd etməliyəm ki, müxtəlif mətbuat orqanlarında "ətraflı araşdırmanın nəticəsi" kimi qələmə verilmiş saxta məlumat və cizgilər ictimaiyyətdə yanlış təsəvvürlərin yaradılmasına səbəb olub. Bu da məni həmin maraqlı şəxslərə qarşı qanunvericiliyin tam gücü ilə hüquqi tədbirlər görməyə məcbur edir".

O qeyd edib ki, hər hansı formada ictimaiyyətə təqdim olunmuş bu məlumatlar məqsədli şəkildə və cinayətkarcasına saxtalaşdırılıb. ANS PRESS-in məlumatında deyilir.

XS
SM
MD
LG