Accessibility links

Cinayət yolu ilə əldə edilmiş var-dövlət xəbərdarlıq edilmədən dondurulacaq?


Parlamentdə qanun layihəsi müzakirə edilib

Azərbaycan parlamenti «Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Qanuna dəyişiklik edilməsi barədə» qanun layihəsini müzakirə edib.

Bu qanun layihəsi aprelin 5-də Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsində müzakirə edilib.

Bu barədə Milli Məclisin mətbuat xidməti xəbər verir.

Layihəni komitə sədri Ziyafət Əsgərov təqdim edib. O bildirib ki, komitədə müzakirə edilmiş sənədlər mahiyyət baxımından bir-birinə bənzəyir. Dəyişikliklər korrupsiya ilə mübarizənin gücləndirilməsi və bu sahədə effektivliyin artırılması məqsədi daşıyır.

Z.Əsgərovun sözlərinə görə, dəyişiklik təklifləri cinayət yolu ilə var-dövlət qazananların aktivlərinin xəbərdarlıq edilmədən dondurulmasını nəzərdə tutur.

Komitə iclasında «Vətəndaşların müraciətləri haqqında» Qanuna dəyişikliklər də müzakirə edilib.

Həmin dəyişiklik bu qanunu «Korrupsiyaya qarşı mübarizə haqqında» Qanuna edilmiş dəyişikliklərə uyğunlaşdırmaq məqsədi daşıyır. Layihənin əsas mahiyyəti korrupsiya ilə əlaqədar hüquq pozmalarla bağlı məlumatların verilmə qaydaları və məlumat verən şəxsin dövlət müdafiəsi ilə bağlı normaların müəyyən edilməsidir.

«Korrupsiyaya qarşı mübarizə haqqında» Qanuna həmin dəyişikliklər ötən il müzakirə edilmişdi.

Komitə təklifləri parlamentin plenar iclasına tövsiyə edib.

Hüquqşünas Ələsgər Məmmədli sənədlə bağlı Amerikanın Səsinə bildirib ki, son dövrlər korrupsiya ilə bağlı qanunvericiliyə dəyişikliklər edilib. Bu sənəddə nəzərdə tutlanlar əsasən qanunvericliyə yeni gətirilmiş müddəanın uyğunlaşdırılmasıdır.

“Bu dəyişikliklərdən biri də korrupsiya faktları barədə məlumat verənlərin dövlət qurumunun himayəsi altına alınması məsələsidir. Bu istiqamətdə paralel olaraq bir sıra qanunvericiliyə yeni müddəaların gətirilməsi təbiidir. Bu baxımdan hal-hazırda komitədə müzakirə olunan qanunvericiliyə təklif olunan dəyişikliklər əslində paralellik və təkrarlıq təşkil edir. Düzəlişlər konkret olaraq korrupsiya faktklarına qarşı qanun pozmalar barədə məlumat verən şəxslərin dövlət himayəsi altında olması və təqib olunmaması ilə bağlıdır”, o qeyd edib.

XS
SM
MD
LG