Accessibility links

Beynəlxalq həkim qrupu Leyla Yunusu müayinə edib


Leyla Yunus
Leyla Yunus

Bu barədə Ədliyyə Nazirliyi Penitensiar xidməti məlumat yayıb

Bakı İstintaq Təcridxanasında saxlanılan hüquq müdafiəçisi Leyla Yunusun səhhəti ilə bağlı Almaniyanın tanınmış “Charite” xəstəxanasının şöbə müdiri, professor Dr. Kristian Vitt müayinə aparıb.

Bu barədə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin yaydığı məlumatda deyilir.

Məlumatda bildirilib ki, təqsirləndirilən şəxs Leyla Yunusun tam müayinəsi 2014-cü il dekabrın 29-da Respublika Diaqnostika Mərkəzində Kristian Vitt və Azərbaycanın müxtəlif sahələr üzrə yüksək ixtisaslı həkimləri - professorlar Murad Məmmədov, Gəray Gəraybəyli, Rauf Ağayev və tibb elmləri doktoru Rövşən Həsənovun iştirakı ilə aparılıb.

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti bildirir ki, 2015-ci il yanvarın 26-da Respublika Diaqnostika Mərkəzində Leyla Yunusun növbəti müayinəsi həyata keçirilib, laborator analizlər üçün qan nümunələri götürülüb. Leyla Yunusa ginekoloji və onkoloji müayinədən keçmək dəfələrlə təklif edilib, lakin o, həmin müayinələrdən imtina edib.

Müayinə aparmış beynəlxalq həkim qrupunun tərkibinə əvvəlki müayinədə iştirak etmiş mütəxəssislərlə yanaşı, həmçinin Macarıstanın Budapeşt şəhərindəki “Metropolitan” Onkoginekoloji Mərkəzinin rəhbəri professor Laszlo Unqar və tanınmış ginekoloq professor Aleksandr Borsukov daxil edilib.

Müayinənin nəticəsi olaraq, beynəlxalq həkim qrupu tərəfindən protokol tərtib edilib, nəticələr sənədləşdirilib və müayinə prosesinin foto və video çəkilişi aparılıb.

Hüquq müdafiəçisi Leyla Yunus ötən il iyulun 30-da həbs olunub. O, dövlətə xəyanətdə və maliyyə cinayətlərində ittiham olunur.

Hüquq müdafiəçisi ittihamları rədd edir və həbsini siyasi sifariş hesab edir.

Leyla Yunus bir neçə dəfə mətbuat vasitəsi ilə məktub yayaraq, təcridxanada təzyiq, təqib və təhqirlərlə üzləşdiyini bildirib. O, həmçinin səhhətinin ağırlaşdığını, normal müayinə olunmadığını bildirib.

Penitensiar Xidmət isə bütün ittihamları rədd edir.

XS
SM
MD
LG