Accessibility links

Qazaxıstana gedən Türkiyə tırlarının daşınmasında problem yaranıb


Qazaxıstana gedən Türkiyə tırlarının daşınmasında problem yaranıb
Qazaxıstana gedən Türkiyə tırlarının daşınmasında problem yaranıb

Buna son günlər dənizdəki qasırğa və Aktau limanındakı problemlər səbəb olub

Dekabrın 4-dən Xəzər dənizində başlayan güclü külək nəticəsində bərələrin hərəkətində yaranan problemlərin aradan qaldırılması ilə bağlı Azərbaycanın Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası tədbirlər görür.

Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, dekabrın 6-dan 9-dək Qazaxıstanın Aktau limanına gedən tırların (yük avtomobilləri) bərələrə yüklənməsində gözləmələr baş verib. Aktau limanında bərə-gəmilər üçün yalnız bir yanalma körpüsünün olması və bu körpünün qasırğa və hündür dalğalardan qorunmaması vəziyyəti bir qədər də çətinləşdirib.

Görülən tədbirlər nəticəsində yük maşınlarının dəniz vasitəsilə daha tez və təhlükəsiz daşınması üçün "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti Bakı-Aktau istiqamətində gəmilərin mütəmadi səfər qrafikini təsdiq edib və yük maşınlarının sayının çoxluğu nəzərə alınaraq, istismardan kənar gözləmədə saxlanılan bir neçə bərə-gəmini yenidən istismara qaytarıb, bərə reyslərinin sayı artırılıb. Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası Azərbaycandan gələn bərə-gəmilərin Aktau limanında yanalma imkanlarının artırılması üçün Qazaxıstan tərəfi ilə danışıqlar aparır.

Eyni zamanda, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC tərəfindən bərə-gəmiləri gözləyən yük maşınlarının sürücüləri üçün Bakı Dəniz Limanında müvafiq məişət şəraiti yaradılıb. Limanda gözləyən sürücülər üçün sıralama biletlərinin tətbiq edilməsinə də başlanılıb.

Tranzit yüklərin daşınması üçün əlverişli şəraitin yaradılması məqsədilə Azərbaycan Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası tərəfindən müvafiq tədbirlər görülür. Belə ki, tranzit prosedurlarının sadələşdirilməsi və xidmət haqlarının aşağı salınması hesabına Azərbaycandan Qazaxıstanın Aktau və Türkmənistanın Türkmənbaşı limanlarına istiqamətlənmiş iritonnajlı yük avtonəqliyyat vasitələri üçün tranzit gediş-gəliş xərcləri təqribən 40 faiz aşağı salınıb.

Xatırladaq ki, Rusiya Türkiyə tırlarını ərazisinə girişinə qadağa qoyub. Bundan sonra Türkiyə-Gürcüstan-Azərbaycan-Xəzər dənizi-Qazaxıstan marşrutu ilə hərəkət edən tırların sayı dəfələrlə artıb. Bu səbəbdən də problemlər yaranmaqdadır.

Son illər Rusiya ərazisinə (əsasən Novorossiysk limanına) orta hesabla hər il 170-200 min Türkiyə tırları daxil olurdu. Türkiyə-Gürcüstan-Azərbaycan-Xəzər dənizi-Qazaxıstan (Aktau limanı) vasitəsi ilə isə 30 min tır keçirdi. İndi Rusiya ərazisindən keçən tırların böyük əksəriyyəti Gürcüstan-Azərbaycan-Xəzər dənizi marşrutu üzrə yönlənib.

XS
SM
MD
LG