Accessibility links

Cəzaçəkmə müəssisəsində iki məhbusun öldürüldüyü bildirilir


Cəzaçəkmə müəssisəsində iki nəfər öldürüldüyü bildirlir
Cəzaçəkmə müəssisəsində iki nəfər öldürüldüyü bildirlir

Tibb İdarəsi 1 nəfərin ölümünü təsdiq edir

Fevralın 12-də Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsində 2 məhkum döyülərək öldürülüb, daha iki məhkum isə ölümcül halda Ədliyyə Nazirliyinin Məhkumların Müalicə Müəssisəsinə aparılıb. Bu barədə ölən məhkumlardan Nurani İbrahimovun qardaşı Ramin İbrahimov musavat.com saytına bildirib.

Onun dediyinə görə, döyülərək öldürülən digər məhkum Sahib Abbasovdur və onun cənazəsi dəfn olunmaq üçün Gəncə şəhərinə aparılıb.

Məlumatda həmçinin Elmir və Tariyel adlı məhkumların ağır vəziyyətdə Ədliyyə Nazirliyinin müalicə müəssisəsinə aparıldığı bildirilir.

Qardaşı Nurani İbrahimovun ayaqlarının sındırıldığını, daxili orqanlarının partladığını, dabanlarında və bədəninin müxtəlif yerlərində çoxsaylı qançırların odluğunu deyib. Ailəsi həmçinin Nurani İbrahimovun çoxsaylı xəsarət izləri olan şəkillərini yayıb.

Məlumatla bağlı Penitensiar Xidmət hələ münasibət bildirməyib. Bu barədə Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Mərkəzi də yazılı sorğumuza və şifahi müraciətimizə cavab verməyib.

Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəis müavini İftixar Qurbanov Amerikanın Səsinə yalnız Nurani İbrahimovun ölüm faktını təsdiq edib. İbrahimovun ölümünün səbəblərinə gəlincə, Qurbanov ölümlə bağlı Məhkəmə Tibb Ekspertizasının rəy verəcəyini bildirib.

Rəis müavini məlumatlarda adı çəkilən Sahib Abbasovun ölməsi və digər iki məhbusun ağır durumda müalicə müəssisəsinə yerləşdirilməsi barədə xəbərləri təsdiq etməyib.

XS
SM
MD
LG