İyunun 4-də Azad Azərbaycan Müstəqil Teleradio Şirkətinin (ATV) jurnalistlərinin Şamaxı rayonu ərazisində peşə fəaliyyətlərinin icrası zamanı döyülməsi, təhqir olunması və çəkiliş avadanlıqlarının sındırılması faktı ilə bağlı Şamaxı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 163.1 (Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma) və 221.2.1-ci (Bir qrup şəxs tərəfindən xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Bu barədə Azərbaycana Baş Prokurorluğunun mətbuat xidmətinin məlumatında deyilir.
Mətbuat xidməti bildirir ki, araşdırmalarla müəyyən edilib ki, ATV-nin “Yoxlama” layihəsinin həyata keçirilməsi ilə bağlı müqavilə əsasında layihə rəhbəri qismində cəlb edilmiş Azər İsmayılov və layihənin əməkdaşları - Elgün Bayramlı, Loğman İsmayılov, Poland Axundzadə, Arif Quliyev və İlqar Quliyev Şamaxı rayonu ərazisində yerləşən “Şamaxı” restoranında çəkiliş apardıqları zaman restoranın müdiri Hüseyn Allahverdiyev və onun qardaşı oğlu Elşad Osmanov jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olmaqla onlara müxtəlif bədən xəsarətləri yetirib zor tətbiq edərək ictimai qaydanı kobud surətdə pozan və vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə xuliqanlıq ediblər. Bundan başqa, hadisə zamanı şirkətə məxsus videokamera və mikrofon zədələnib.