Sentyabrın 26-da “Azneft” İstehsalat Birliyinin “28 May” adına Neft-Qazçıxarma İdarəsinin (NQÇİ) “Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürü yaranıb və yanğın baş verib.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) məlumatına görə, hadisə zamanı özüldə növbədə olan 49 nəfərlik heyətin təhlükəsizliyi tam təmin edilib, xəsarət alan olmayıb.
Hazırda özüldəki işçilərin təxliyəsi üçün heç bir əsas yoxdur. Fontana qarşı Hərbiləşdirilmiş İdarənin əməkdaşları tərəfindən alçaq təzyiqli qaz təzahürünün aradan qaldırılması üçün tədbirlər görülür.
Hadisə ilə bağlı araşdırma aparılır, nəticəsi barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, 2015-ci il dekabrın 4-də "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş verən qəza nəticəsində 32 nəfər, bir neçə gün öncə isə daha 3 neftçi həyatını itirib.