Fevralın 23-də Bakı Apellyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi ilə bloger Orduxan Teymurxanın bacısı oğlu Səbuhi Zeynalov və qardaşı Xanlar Dadaşov barəsində apellyasiya şikayəti üzrə məhkəmə yekunlaşıb.
Məhkəmə apellyasiya şikayətini təmin etməyib və 30 sutkalıq həbs qərarını dəyişdirmədən qüvvədə saxlayıb.
Vəkilllər Elçin Sadıqov və Aqil Layıcov onların günahsız olduğunu, bloqerin qohumu olduğuna görə həbs edildiyini deyib və işə xitam verilməsini istəyib.
Vəkillər bildirib ki, martın 12-nə Səbuhi Zeynalovun toy mərasimi təyin olunub.
Vəkil məhkəmədən işə xitam verməsə belə, heç olmasa, həbs müddətinin azaldılmasını xahiş edib.
Aqil Layıcov simvolik olaraq hakimi də toya dəvət edib və ona toy dəvətnaməsi təqdim edib.
"Əgər qərar dəyişməsə, bu iş Avropa Məhkəməsində həm də Səbuhi Zeynalovun şəxsi həyatına müdaxilə və evlənmək hüququnun pozuntusu kimi qiymətləndiriləcək". Layıcov qeyd edib.
Vəkil Elçin Sadıqov ittihamı əsassəz adlandırıb.
"Həri iki şəxsə qarşı fevralın 19-da polisin qanuni tələbinə tabe olmama ittihamı irəli sürülüb. Halbuki ittiham irəli sürülən zaman Səbuhi Zeynalov və Xanlar Dadaşov Suraxanı rayon Polis idarəsində olub. Bunu sübut etmək üçün məhkəmə onlarla birgə polis idarəsində olan 5 nəfəri şahid kimi tanımalıdır. Hər iki şəxsin mobil telefonunun geopozisiya arxivi araşdırılsın və polis idarəsinin video kameralarındakı görüntülər məhkəməyə təqdim edilsin", vəkil bu barədə vəsatətlət qaldırıb.
Hakim hər hansı əsas gətirmədən vəsatətləti təmin etməyib.
Fevralın 18-dən başlayaraq Hollandiyada yaşayan azərbaycanlı bloger Orduxan Teymurxanın 12 nəfər yaxını polisdə dindirilməyə aparılıb. Onların arasında onun bacıları, hətta iki yaşlı uşağın da olduğu bildirilir.
Ardınca Suraxanı rayon Məhkəməsində qardaşı Xanlar Dadaşov və bacısı oğlu Səbuhi Zeynalovun 30 sutka inzibati həbsi haqda qərar çıxarılıb. Qərarda iddia olunur ki, S.Zeynalov və X.Dadaşov fevralın 19-da yaşadıqları evin qarşısında polis əməkdaşlarının qanuni tələbinə tabe olmadıqlarına görə cəzalandırılıblar.
Bloger bunları özünün ictimai fəaliyyətinə görə təzyiq olduğunu deyir.