Martın 6-sı Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) qurucusu Məhəmməd Əmin Rəsulzadənin vəfatı günüdür. M.Ə.Rəsulzadə 62 bundan öncə, Türkiyədə vəfat edib.
M.Ə. Rəsulzadə siyasətə erkən yaşlarında gəlib və 1902-ci ildə 17 yaşında ikən "Müsəlman gənclik təşkilatı"nı yaradıb. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkəçiliyinə qarşı gizli mübarizə aparan ilk siyasi qurum idi.
M.Ə.Rəsulzadənin 1905-ci ildə “Hümmət” təşkilatının yaranmasında mühüm rolu olub, amma bu qurum Azərbaycanın istiqlal məsələsinə birmənalı yanaşmadığı üçün oradan ayrılıb. O, daha sonra, 1911-ci ildə Müsavat Partiyasını yaradıb və bu partiyaya rəhbərlik edib. 1917-ci ilin payızında M.Ə.Rəsulzadə Azərbaycan və Türküstandan Rusiya Dumasına deputat seçilib.
1918-ci il mayın 26-da Zaqafqaziya seymi buraxılıb, mayın 27-də Azərbaycanın gələcək siyasi taleyini həll edəcək Azərbaycan Milli Şürası yaranıb və M.Ə.Rəsulzadə Milli Şüranın sədri seçilib.
1918-ci il mayın 28-də Milli Şura Azərbaycanın İstiqlal Bəyannaməsini qəbul edərək Azərbaycanın müstəqilliyini dünyaya elan edib.
Bunun ardınca Fətəli Xan Xoyskinin başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil olunub, beləliklə Azərbaycan xalqı bütün Şərqdə ilk dəfə olaraq respublika qurub.
Cəmi iki il mövcud olan bu respublika 1920-ci ilin aprelində sovet işğalı ilə devrilib və M.Ə.Rəsulzadə həbs olunub, Stalinin göstərişilə Moskvaya aparılıb. Amma 1922-ci ildə Müsavat Partiyasının Gizli Komitəsi M.Ə.Rəsulzadənin xaricə getməsi haqda qərar qəbul edib və bu qərarı komitənin katibi olan Cəfər Cabbarlı imzalayıb.
M.Ə.Rəsulzadə ömrünün bütün qalan hissəsini mühacirətdə yaşayıb və 1955-ci il martın 6-da Ankarada vəfat edib.