Accessibility links

Mitinqdən sonra 14 AXCP fəalı işini itirib


AXCP

Azərbaycan Xalq Cəbhəsi Partiyasının 14 fəalı aprelin 8-də Bakıda müxalifətin mitinqindən sonra işlərini itirib. Daha dörd partiya üzvü 2016-cı ilin sentyabrında etiraz aksiyasında iştiraka görə işdən azad edildiklərini bildiriblər. Yalnız bir müxalifətçi məhkəmə vasitəsilə işə bərpa oluna bilib.

AXCP sədr müavini Gözəl Bayramlının Turan agentliyinə bildirib ki, 18 nəfərdən 2016-cı ilin sentyabrında keçirilən aksiyada iştiraka görə işdən azad edilən 4-ü AXCP-nin Qəbələ və Oğuz rayon təşkilatlarının fəalları, məktəblərdə müəllim işləyən İlham Quliyev və Yaşar Məmmədov,mühəndis olan AXCP Goranboy rayon təşkilatının üzvü Qələndər Aslanovdur. Neftçala rayon təşkilatından Elnur Fərəcovun taleyi isə daha da pis olub. O, “Azər-Yod” MMC müəssisəsində işçi idi. Sentyarda onu işdən azad ediblər, dekabrda isə uydurma narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə 3 il müddətinə azadlıqdan məhrum ediblər.

8 aprel mitinqində iştiraka görə orta məktəb müəllimləri Əflatun Əhmədzadə, Ülkər Əhmədzadə, Laçın Əskərli, Cəlil İmanov və Mirağa Musayev işdən azad ediliblər. Həmçinin, Qaz İstismar İdarəsinin əməkdaşı Əli Abdullayev, SOCAR müəssisələrindən birində baş operator olan Aydın İsalı, “Azəriqaz”da çilingər olan İlkin Əliyev, “Neftçi” idman klubunda administrator olan Novruz Tağıyev, “Azərsu” şirkətinin sürücüsü Elxan Nuriyev, “Səma” MMC-nin satış meneceri Firdovsi Məmmədov, SOCAR-da mühafizəçi olan Məhəmməd Əlifov və “Avropa” MMC-də satış meneceri olan Samir Həsənov işdən çıxarılıb.

8 aprel mitinqindən sonra Sahib Rüstəmli də işdən azad olunub, amma o, məhkəmə vasitəsilə işə bərpa oluna bilib.

Bayramlı qeyd edib ki, AXCP bütün partiya fəalların siyasi motivlərlə işdən azad edildiyini hesab edir.

AXCP bütün işdən azad olunanların işə bərpa edilməsi üçün məhkəmə şikayətləri hazırlayır.

Öz növbəsində, rəsmi hakimiyyət bu məlumata hələ münasibət bildirməyib. Amma, bir qayda olaraq rəsmi şəxslər bütün vətəndaşların qanun qarşısında bərabər olduğunu, insanların toplaşmaq və birləşmək azadlığının tam təmin edildiyini bildirir.

XS
SM
MD
LG