Accessibility links

26 ton narkotik tərkibli bitki məhv edilib


İyulun 25-26-da Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidməti narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı Balakən və Zaqatala rayonları (Bakıdan 450 kilometr şimal-qərb) ərazisindəki meşə massivlərində birgə apardıqları əməliyyat nəticəsində 26 ton narkotik məhv edilib.

Hər iki qurumun mətbuat xidmətlərindən daxil olan birgə məlumatda qeyd olunub ki, DİN Daxili Qoşunlarına məxsus helikopterlərin də cəlb olunduğu əməliyyatlar nəticəsində meşə zolaqlarında narkotik tərkibli bitkilərin kultivasiya yolu ilə yetişdirilməsinə dair faktlar müəyyən olunub.

Həmin faktlar üzrə ümumi çəkisi 26 ton 685 kiloqram olan 26 min 660 ədəd narkotik tərkibli çətənə kolları, xalis çəkisi 23 kiloqram olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Qeyd olunan faktlara görə, Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanaraq zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Həmin cinayətlərin törədilməsində şübhəli bilinən 3 nəfər saxlanılaraq istintaqa cəlb olunub.

Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı zəruri tədbirlər davam etdirilir.

XS
SM
MD
LG