Accessibility links

Sanitar normalara uyğun olmayan ət satanlar həbs edilib


Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 73 və 73a saylı ünvanlarda yerləşən satış məntəqələrində ayrı-ayrı şəxslər tərəfindən mənşəyi məlum olmayan, habelə gigiyenik və sanitar normaların tələblərinə uyğun olmayan heyvan cəmdəkləri aşkar edilib. Bu barədə Baş Prokurorluq və Qida Təhlükəsizliyi Agentliyinin oktyabrın 15-də yaydığı birgə məlumatda deyilir.

Məlumata görə, ümumi çəkisi 2449 kiloqram olmaqla 23 baş iribuynuzlu (inək), 42 kiloqram olmaqla 2 baş xırdabuynuzlu (qoyun) heyvan cəmdəyi aşkar edilib.

“Agentliyin müvafiq laboratoriyasında aparılan sınaqlar nəticəsində ətlərin kəskin qoxulu, köhnə olmaqla ağır xəstə və ya tələf olduqdan sonra kəsilmiş istehlaka yararsız heyvanlara məxsus olduğu müəyyən edilib”, xəbərdə deyilir.

Aparılmış istintaqla agentliyin 5 saylı qida nəzarət məntəqəsinin həkimi Xaspolad Mirimov Əlican Quliyevlə birgə insanların həyatı və sağlamlığı üçün təhlükə törədən, mənşəyi məlum olmayan, gigiyenik və sanitar normaların tələblərinə uyğun olmayan qida məhsullarının satışını təşkil etdiklərinə görə həbs edilib.

Hər iki şəxsə və daha 4 nəfərə qarşı Cinayət Məcəlləsinin müvafiq maddələrilə cinayət işi açılıb və barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

XS
SM
MD
LG