Prezidentliyə Respublikaçı namizədi Tim Skott bazar günü axşam saatlarında gözlənilmədən 2024-cü il prezident seçki yarışından çıxdığını elan edib. Bu qərar təkcə onun sponsorları tərəfindən deyil, həm də Ayova ştatında Respublikaçılar Partiyasının kokusunda səsvermə başlamazdan cəmi iki ay əvvəl onun seçki kampaniyasının heyəti tərəfindən təəccüblə qarşılanıb.
May ayında böyük ümidlərlə yarışa girən Cənubi Karolina senatoru ən yaxın dostlarından Trey Qoudi ilə Fox News kanalının “Amerikada bazar gecəsi” verilişində sürpriz açıqlama verib. Xəbər o qədər gözlənilməz olub ki, onun seçki kampaniyasının bir işçisi Associated Press agentliyinə bildirib ki, kampaniya işçiləri Skottun prezidentlik yarışından çıxdığını verilişə baxaraq öyrəniblər.
"Mən bu gün Amerikanı mayın 22-də olduğumdan daha çox sevirəm" Skott seçki yarışlarına qatıldığı günə işarə edərək bazar günü bildirib. "Amma mən Ayovaya qayıdanda prezidentliyə namizəd kimi qayıtmayacam. Kampaniyamı dayandırıram. Düşünürəm ki, planetin ən diqqətəlayiq insanları olan seçicilər mənə "indi deyil, Tim" dediklərini həqiqətən açıq şəkildə ifadə ediblər" - deyə, o əlavə edib.
Skottun gözlənilmədən yarışdan çıxması onun və prezidentliyə namizədliklərini irəli sürmüş digər Respublikaçıların sabiq prezident Donald Trampın üstünlük təşkil etdiyi yarışda mübarizə apardıqları vaxta təsadüf edir.
Dörd cinayət ittihamına və bir sıra digər hüquqi problemlərə baxmayaraq, Tramp öz rəqiblərini xeyli qabaqlamağa davam edir. Bu, Partiyanın bir çox üzvününü dəyişikliyə səbəb ola biləcək ciddi manelər olmayacağı təqdirdə yarışın demək olar bitdiyi qənaətinə gəlməsinə səbəb olub.
Skott yüksək profilli sponsorlar tərəfindən onun üçün milyonlarla pul xərcləməsinə baxmayaraq, sorğularda səs toplamaqda çətinlik çəkib. Müsbət kampaniya aparmaq səylərində o, tez-tez digər namizədlərin kölgəsində qalırdı - xüsusilə debat səhnəsində, o, başqalarının mübahisə etdiyi vaxtda görünmürdü. Skottun daha yüksək səsvermə sayı və daha çox donor tələb edəcək qarşıdan gələn dördüncü debatda iştirak edə bilib-bilməyəcəyi bəlli deyildi.
Skott oktyabrın sonundan bəri yarışı tərk edən ikinci əsas namizəddir. Keçmiş vitse-prezident Mayk Pens iki həftə əvvəl Las Veqasda Respublikaçı Yəhudi Koalisiyasının toplantısında “Bu mənim vaxtım deyil” deyərək kampaniyasını dayandırmışdı. Bununla belə, Pens rəy sorğularında Skottdan geridə idi və maliyyə baxımından da daha çətin vəziyyətdə idi.
Skott prezident seçki yarışında digər Respublikaçı rəqiblərindən heç birini dərhal dəstəkləməyəcəyini deyib.
Forum