Accessibility links

Cənubi Koreya Ukraynaya hərbi yardımın mümkünlüyünü qeyd edib


Cənubi Koreya prezidenti Yun Suk Yul
Cənubi Koreya prezidenti Yun Suk Yul

İlk dəfə Ukraynanın silahlanmasına qarşı mövqeyində dəyişikliyə işarə olaraq, prezident Yun Suk Yul mülki əhaliyə genişmiqyaslı hücuma məruz qalacağı təqdirdə Cənubi Koreyanın Ukraynaya dəstəyində humanitar və iqtisadi yardımdan kənara çıxa biləcəyini deyib.

Gələn həftə ABŞ-a dövlət səfərindən əvvəl Reuters agentliyinə verdiyi müsahibədə Yun Cənubi Koreyanın 1950-53-cü illər Koreya Müharibəsi zamanı beynəlxalq yardım aldığı kimi hökumətinin Ukraynanın müdafiəsinə və yenidən qurulmasına necə kömək edəcəyini araşdırdığını bildirib.

"Əgər beynəlxalq ictimaiyyətin göz yuma bilməyəcəyi bir vəziyyət varsa - məsələn, mülki əhaliyə qarşı hər hansı genişmiqyaslı hücum, qırğın və ya müharibə qanunlarının ciddi şəkildə pozulması kimi hallar, onda bizim yalnız humanitar və ya maliyyə dəstəyində qalmamız çətin ola bilər" Yul deyib.

Ölümcül silah yardımının mümkünlüyünü istisna etməsindən bir ildən çox vaxt keçdikdən sonra Seul ilk dəfə Ukraynaya silah verməyə hazır olduğunu bildirib.

ABŞ-ın əsas müttəfiqi və artilleriya sursatlarının əsas istehsalçısı olan Cənubi Koreya silah tədarükü üçün Qərb ölkələrinin artan təzyiqlərinə baxmayaraq, indiyə qədər Rusiyada fəaliyyət göstərən şirkətlər və Moskvanın Şimali Koreyaya təsiri səbəbindən Rusiyaya qarşı düşmənçilikdən yayınmağa çalışıb.

"İnanıram ki, həm beynəlxalq, həm də daxili qanunlar çərçivəsində qeyri-qanuni işğal edilmiş bir ölkənin müdafiəsi və bərpası üçün verilən dəstəyin həcminə məhdudiyyətlər qoyulmayacaq. Bununla belə, müharibədə iştirak edən tərəflərlə münasibətlərimizi və döyüş meydanında baş verənləri nəzərə alaraq, ən uyğun tədbirləri görəcəyik" - deyə, Yul bildirib.

Yul gələn həftə iki ölkənin müttəfiqliyinin 70-ci ildönümünü qeyd etmək üçün Vaşinqtonda ABŞ prezidenti Co Baydenlə görüşməyi planlaşdırır.

XS
SM
MD
LG