İspaniyanın şərqindəki Valensiya bölgəsində daşqınların avtomobilləri aparması, kənd küçələrini çaylara çevirməsi, dəmir yolu xətlərini və magistral yollarını zədələməsi nəticəsində ən azı 64 nəfər həlak olub.
Valensiyanın şərq bölgəsindəki fövqəladə xidmətlər çərşənbə günü ölənlərin sayını təsdiqləyib.
Çərşənbə axşamı günü yağan yağışlar İspaniyanın cənub və şərqində geniş ərazilərdə daşqınlara səbəb olub. Palçıq rəngli su daşqınları avtomobilləri dəhşətli sürətlə küçələrdə aşırıb. Ağac parçaları məişət əşyalarına qarışıb. Polis və xilasetmə xidmətləri insanları evlərindən və maşınlarından çıxarmaq üçün helikopterlərdən istifadə edib.
Rəsmilər çərşənbə axşamı axşam saatlarında bir neçə nəfərin itkin düşdüyünü bildiriblər, lakin ertəsi gün səhər onlarla şəxsin ölü tapıldığı açıqlaması verilib.
İspaniyanın fövqəladə hallar bölmələrindən 1000-dən çox əsgər dağılmış ərazilərə yerləşdirilib.
Valensiyadakı Utiel şəhərinin meri Rikardo Qabaldon milli RTVE telekanalına açıqlamasında "dünən həyatımın ən pis günü idi" deyib. Onun sözlərinə görə, yaşadığı qəsəbədə bir neçə nəfər hələ də itkin düşüb.
“Biz siçovullar kimi tələyə düşdük. Küçələrdə maşınlar və zibil qabları axırdı. Su üç metrə qədər qalxırdı”, o bildirib.
İspaniyada son illərdə oxşar payız fırtınaları yaşanıb, lakin onlar son iki gündəki dağıntılarla müqayisə olunmazdır.
Ölənlərin sayı digər bölgələrlə asanlıqla arta bilər, belə ki, hələki digər ərazilərdə qurbanlar haqda məlumat verilməyib və girişi çətin olan ərazilərdə axtarış səyləri davam edir. Qonşu Kastilya La Mança bölgəsindəki Letur kəndində bələdiyyə sədri Sercio Marin Sançez 6 nəfərin itkin düşdüyünü bildirib.
Dəmiryol rəsmiləri heç kimin xəsarət almadığını bildirsə də, göyərtəsində 300-ə yaxın adamın olduğu yüksək sürətli qatar Malaqa yaxınlığında relsdən çıxıb. Valensiya şəhəri ilə Madrid arasında yüksək sürətli qatar xidməti, eləcədə də bir neçə şəhərətrafı xəttlər kəsilib.
Valensiya regional prezidenti Karlos Mazon insanları xilasetmə işlərini çətinləşdirməmək üçün evdə qalmağa çağırıb. Belə ki, yıxılan ağaclar və qəzaya uğramış avtomobillər səbəbindən onsuz da yollarda hərəkət çətindir.
İspaniyanın mərkəzi hökuməti xilasetmə səylərini əlaqələndirməyə kömək etmək üçün böhran komitəsi yaradıb.
Çərşənbə günü səhər saatlarında Valensiyada yağış səngimişdi. İspaniyanın milli meteoroloji xidmətinə görə, cümə axşamına qədər daha çox fırtına proqnozlaşdırılıb.
İspaniya hələ də bu ilin əvvəlindəki şiddətli quraqlıqdan bərpa olmaqdadır. Alimlər deyirlər ki, ekstremal hava epizodlarının artması çox güman ki, iqlim dəyişikliyi ilə bağlıdır.
Forum