Accessibility links

Rus casuslarının Kanada izi


Casuslar Kanadada alınmış saxta sənədlərlə Amerikaya daxil olur

ABŞ-da rus casusları ilə bağlı qalmaqal qonşu Kanada da narahatlığa səbəb olub. Aşkar edilmiş xarici agentlər Kanadada saxta sənədlər əldə edə biliblər.

Vərdişlərdən belə görünür, əl çəkmək çətindir. Soyuq müharibə dövrünün casus qalmaqallarının bir əlamətdar cəhəti Kanadadan alınmış saxta sənədlər idi. Bu yaxınlarda Rusiyaya göndərilmiş casuslardan azı dördünün Kanadadan saxta sənədlər əldə etdiyi deyilir.

Kəşfiyyat aləmində casus cəmiyyətə uydurma bir adla daxil olur. Yeni bir xarakter yaradılır, lakin hər şey faktlara əsaslanmalıdır, yəni pasport və sürücülük vəsiqəsi əldə edilməlidir.

ABŞ və Kanada arasında sərhəddin uzunluöu 6400 kilometrdir. 2008-ci ilin fevral ayına qədər sərhəddi keçmək üçün sadəcə hansı ölkənin vətəndaşı olduğunuzu şifahi söyləmək kifayət idi. Lakin indi bunun üçün pasport, ya da rəsmi orqanların verdiyi şəxsiyyət vərəqəsi təqdim edilməlidir.

Stratfor kəşfiyyat şirkətində təhlükəsizlik məsələləri üzrə ekspert Fred Barton deyir ki, xarici kəşfiyyat agentlikləri və terrorşu qruplar daha sərbəst hərəkət edə bilmək üçün Kanada, ya da İrlandiyadan sənəd almağa üstünlük verir.

“Kanadalı kimi həbs edilməmək şansı başqa ölkələrdən daha artıqdır. Rusiya pasportu ilə Federal Təhqiqat Bürosu təbil çalacaq. Daxili Təhlükəsizlik nazirliyi var. Uçuşları qadağan olmuş şəxslərin siyahısı var. Bütün bunlara görə baxıb kanadalı, ya da irlandiyalı olmağa üstünlük verəcəksiniz.”

Bu yaxınlarda ABŞ-da casus qalmaqalından öncə baş vermiş daha bir hadisə zamanı Pol Vilyam Hempel adlı bir nəfər saxlanarkən onun üstündə Kanada pasportu və doğum şəhadətnaməsi olub. O, Rusiya casusu olmaqda ittiham edilmişdi. Diplomatik statusu olmamasına baxmayaraq, o, həbs edilməmiş, sadəcə deportasiya edilmişdi.

Bəzi hallarda casuslar əsas etibarilə ölmüş körpələrin doğum şəhadətnaməsi kimi əsl sənədlər əldə edirlər. Bir neçə il bundan əvvəl Kanadada bir rus casusu qəbir daşlarının üstündə uşaqların adlarını yazıb köçürən yerdə həbs edilmişdi.

Təhlilçilərin fikrincə, Kanadada əldə edilmiş saxta sənədlərlə bağlı narahatlıqlar 2001-ci ildə terror hücumlarından sonra artmışdır.

Keçən il Kanada polisi saxta pasportlar və ABŞ-da yaşamaq icasəzi haqda sənəd də daxil olmaql, saxta sənədlər hazırlayan qrupu aşkar etmişdir.

Bütün ölkələrdə rəsmi orqanlar saxta sənədlərdən istifadənin qarşısını almaq üçün sənədləri daha da təkmilləşdirir. Lakin saxta sənədlərin hazırlanması hələ də böyük biznes olaraq qalır.

Beynəlxalq polis agentliyi İnterpolun bildirdiyinə görə, 2009-cu ilin sonuna qədər 11 milyon saxta pasport ələ keçirilib.

XS
SM
MD
LG