Accessibility links

Dövlət Departamenti Rusiyanın Ukrayna ilə danışıqlara hazırlığını şübhə altına alıb


Ned Prays
Ned Prays

ABŞ Dövlət Departamenti Rusiyanın Ukrayna ilə sülh danışıqları aparmağa hazır olduğuna şübhə ilə yanaşdığını və Kyivin buna hazır olduğunu vurğuladığı bildirib.

“Rusiya bu danışıqlara hazırdırsa, bombalarını dayandırmalıdır. Raketlərini dayandırmalıdır. İnfrastrukturu, o cümlədən mülki infrastrukturu hədəf alaraq Ukraynanın mülki əhalisinə hücumu və onları öldürməyi dayandırmalıdır. Amma təbii ki, Kreml bunun əksini edir. O, danışıqlara hazır olması və ya açıq olması barədə hər hansı real siqnal göndərmək əvəzinə müharibəni gücləndirməyə davam edir,” Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.

“Əgər Rusiya danışıqlar aparmaq istəyirsə, niyə onlar Qara Dəniz Taxıl Təşəbbüsündən müvəqqəti də olsa, geri çəkildi?” – deyə, Prays sual edib. “Ola bilsin ki, bu, Rusiya və Ukraynanın gündəlik ünsiyyətdə olduğu və birbaşa əlaqə saxladığı yeganə forum idi. Əgər gərginliyin azaldılmasına ciddi sadiqlik nümayiş etdirmək istəsə, Rusiya Qara Dəniz Taxıl Təşəbbüsünün bu ayın sonunda uzadılmasına gəldikdə, onu yenidən işə salmaq öhdəliyi götürməklə başlaya bilər”, Prays qeyd edib.

Prays əlavə edib ki, Ukrayna prezidenti Volodimir Zelenski bir neçə bu müharibənin yalnız dialoq və diplomatiya yolu ilə bitə biləcəyini dəfələrlə dediyini bildirib.

“Biz də eyni şeyi hiss edirik. Bizim avropalı müttəfiqlərimiz də eyni hissləri keçirir” – deyə, Prays bildirib.

“Rusiya ukraynalılarla danışıqlar masası arxasına oturmaq istəyini və hazırlığını nümayiş etdirməyə borcludur. Əvəzində Rusiyanın göndərdiyi yeganə siqnal ölüm , dağıntı, qəddarlığın davam etməsi siqnalıdır” – deyə, Prays bildirib.

XS
SM
MD
LG