NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın Bosniya və Herseqovinanın işlərinə pis niyyətli müdaxiləsini qeyd edərək, Moskvanın addımlarının bu ölkənin sabitliyini təhdid etdiyini vurğulayıb.
Vətəndaş müharibəsinin bitməsindən təxminən 30 il keçməsinə baxmayaraq, Bosniya və Herseqovina etnik zəmində bölünmüş vəziyyətdə qalıb. Sabitliyin qorunması üçün ölkəyə əvvəlcə NATO qüvvələri, sonra isə Avropa sülhməramlıları yerləşdirilib.
"Biz separatçı və bölücü ritorika, habelə Rusiya da daxil olmaqla, pis niyyətli xarici müdaxilələrdən narahatıq", Stoltenberq bazar ertəsi Sarayevoda jurnalistlərə deyib.
"Bu, sabitliyin pozulması təhlükəsini yaradır və islahatlara mane olur" - deyə, Balkanlarda səfərdə olan Şimali Atlantika Alyansının rəhbəri bildirib.
Stoltenberqin açıqlamaları Ukrayna prezidenti Volodimir Zelenskinin açıq şəkildə Rusiyanın qlobal diqqəti Kremlin Ukraynaya qarşı müharibəsindən yayındırmaq üçün Balkanlarda və Moldovada yeni böhranlar yaratmağa çalışdığı barədə xəbərdarlığından bir neçə gün sonraya təsadüf edib.
"Balkanlara diqqət yetirin. İnanın, biz məlumat alırıq. Rusiyanın uzunmüddətli planı var. Əgər tərəfdaşlar indi heç nə etməsələr, belə bir partlayış yenidən baş verəcək" - deyə, Zelenski bildirib.
Bosniya serblərinin lideri Milorad Dodik Vladimir Putinin əsas regional müttəfiqlərindəndir.
Dodik bu həftə məhkəmə qarşısına çıxmalıdır. O, Bosniya serblərinə Bosniya və Herseqovinada Sülhün İcrası Şurasının Rəhbər Komitəsinin ali nümayəndəsi Kristian Şmidtin qəbul etdiyi qərarlardan yan keçməyə və ya onlara məhəl qoymamağa imkan verən bir sıra qanunları qəbul etməkdə ittiham olunur.
Dodik açıq şəkildə bildirib ki, ittiham hökmü çıxarıldığı halda, məhkəmənin qərarına tabe olmayacaq.
Bazar ertəsi çıxış edən Stoltenberq Bosniya və Herseqovinanın siyasi liderlərinin birliyə, barışığa və dövlət institutlarının gücləndirilməsinə nail olmaq üçün birgə çalışmasının vacibliyini vurğulayıb.
Stoltenberq bazar ertəsi Kosovoya səfər edir. Orada o, ölkə liderləri və NATO qüvvələrinin kontingenti ilə görüşəcək. Daha sonra o, Serbiya və Şimali Makedoniyaya səfər edəcək.
Forum