Accessibility links

Senat Sendi qasırğasından zərər çəkənlərə yardım paketini təsdiq edib


ABŞ konqresi Nyu York və Nyu Cersinin sahil ərazilərini viran qoyan Sendi qasırğasından zərər çəkənlərə 50,5 milyard dollar dəyərində fövqəladə yardım paketi hazırlayıb.

ABŞ Senatında qanunvericilər dünən 62 lehinə, 36 əleyhinə səs çoxluğu ilə qanunu təsdiqləyib. Nümayəndələr Palatası qanunu bu ayın əvvəli təsdiqləyib. Prezident Barak Obama sənədlər ona çatdırılan kimi qanuna dərhal imza atacağına söz verib.

Yardım paketi yanvar ayının əvvəlindən bəri təsdiqlənmək üçün Palatada təqdim edilmişdi. Lakin Palata üzvlərinin xərclərə dair mübahisələrinə görə qanunun səsə qoyulması yubadılıb. Sendi qasırğasına dair yardım paketi Konqresin yeni üzvlərinin andiçmə mərasimindən sonra yenidən müzakirəyə çıxarılmalı idi.

Respublikaçıların üstünlük təşkil etdiyi Nümayəndələr Palatasında ləngimə Nyu York qubernatoru, demokrat Endru Kuomo və Nyu Cersidən respublikaçı qubernator Kris Kristinin tənqidi ilə qarşılanıb.
XS
SM
MD
LG