Accessibility links

Severodonetskdə şiddətli döyüşlər davam edir


Ukrayna və Rusiya qüvvələri arasında Severodonetsk şəhərində bazar ertəsi küçəbəküçə şiddətli döyüşlər gedir. Hər iki tərəf Ukraynanın şərqindəki sənaye şəhərinin təxminən yarısına nəzarət edir.

Rusiya qüvvələrinin say baxımından üstün olduğu görünsə də, Ukrayna prezidenti Volodimir Zelenski Kyiv qüvvələrinin nəzarəti ələ keçirmək üçün “hər imkana” malik olduğunu bildirib.

Zelenskinin şərhi Luhansk vilayətinin qubernatoru Sergey Qaydayın Ukraynanın mövqelərini itirdiyini irəli sürməsindən sonraya təsadüf edir.

“Müdafiəçilərimiz müəyyən müddət ərzində əks-hücum keçirərək şəhərin az qala yarısını azad edib. Amma indi vəziyyət yenidən bizim üçün bir qədər pisləşib” - deyə, Severdonetsk şəhərinin də daxil olduğu Luhansk vilayətinin qubernatoru Serqey Qayday bazar ertəsi bildirb.

Severodonetsk Rusiyanın Donbasın şərq bölgəsini ələ keçirmək səylərində mühüm rol oynayır. Bu, Luqansk vilayətinin Ukraynanın nəzarəti altında qalan ən böyük şəhəridir.

Şəhərin meri Oleksandr Stryuk şiddətli küçə döyüşlərinin getdiyini bildirsə də, Ukrayna televiziyasına deyib: “Şəhərə hücumları dəf etmək üçün orada kifayət qədər qüvvə və resurslar cəmləşdirmişik”.

Hər iki tərəf bir-birinə böyük itkilər verdiklərini iddia edib.

Britaniyanın müdafiə nazirliyi də iyunun 6-da Severdonetskdə şiddətli döyüşlərin davam etdiyini bildirib.

Ukrayna prezidenti Volodimir Zelenski Ukraynanın Luhansk vilayətinin Lisıçansk şəhərində Ukrayna hərbçilərinin mövqelərini ziyarət etdiyi vaxt hərbçini mükafatlandırır, 5 iyun, 2022-ci il.
Ukrayna prezidenti Volodimir Zelenski Ukraynanın Luhansk vilayətinin Lisıçansk şəhərində Ukrayna hərbçilərinin mövqelərini ziyarət etdiyi vaxt hərbçini mükafatlandırır, 5 iyun, 2022-ci il.

Ukrayna prezidenti Volodimir Zelenksi bazar günü şərqi Ukraynaya səfər edərək, orada əsgərlər və qaçqınlarla görüşüb. O, Severdonetsk yaxınlığındakı Lisiçansk da daxil olmaqla bir neçə yerdə dayanaraq vəziyyətlə tanış olub.

Ukrayna lideri bazar ertəsi Böyük Britaniyanın baş naziri Boris Consondan “yeni gücləndirilmiş müdafiə dəstəyi paketi”nin təsdiqini aldığını bildirib. İki lider Ukrayna limanlarını blokadadan çıxarmağın və ərzaq böhranının qarşısının alınması yollarını müzakirə etdiyini bildirib.

İyunun 6-da Britaniya Ukraynaya 80 kilometrə qədər məsafədə hədəfləri vura bilən M270 reaktiv raket sistemlərini göndərdiyini açıqlayıb.

“Rusiyanın uzaqmənzilli artilleriyası şəhərləri dağıdarkən və günahsız mülki insanları öldürərkən biz dayana bilmərik” - deyə, Conson bildirib.

Britaniyanın müdafiə naziri Ben Uolles deyib ki, Rusiyanın taktikaları dəyişdikcə Ukraynaya dəstək də dəyişməlidir. O bildirib ki, yeni raket sistemləri “ukraynalı dostlarımıza Putin qüvvələrinin ayrı-seçkilik etmədən uzaqmənzilli artilleriyadan qəddarcasına istifadəsindən özlərini daha yaxşı qorumağa imkan verəcək”.

5 iyun tarixində çəkilmiş bu fotoşəkildə Ukrayna paytaxtı Kyivdə səhər tezdən bir neçə partlayışdan şəhər üzərində tüstü göstərilir.
5 iyun tarixində çəkilmiş bu fotoşəkildə Ukrayna paytaxtı Kyivdə səhər tezdən bir neçə partlayışdan şəhər üzərində tüstü göstərilir.


Kyivə növbədi raket zərbəsi

Son bir ay ərzində ilk dəfə olaraq Rusiya yenidən paytaxt Kyivə raket zərbəsi endirib.

Britaniya müdafiə nazirliyi bildirib ki, Rusiyanın qanadlı raketləri bazar günü səhər saatlarında Kiyevdəki dəmir yolu infrastrukturunu vurub. Nazirilik bunu “ehtimal ki, Qərbin hərbi texnikasının cəbhəyanı Ukrayna bölmələrinə tədarükünü pozmaq cəhdi” olduğunu bildirib.

Rusiya Müdafiə Nazirliyi hücumla əlaqədar Qərb hökumətləri tərəfindən Kyievə göndərilən tankların məhv edildiyini bildirib.

Rusiya prezidenti Vladimir Putin Qərbin Ukraynaya uzaqmənzilli raket sistemləri göndərmək planlarına davam etdiyi halda Moskvanın hələ vurulmayan hədəfləri vuracağı barədə xəbərdarlıq edib.

ABŞ prezidenti Co Bayden keçən həftə Birləşmiş Ştatların Ukraynaya 700 milyon dollar dəyərində dörd dəqiq idarə olunan orta mənzilli raket kompleksləri, helikopterlər, Javelin tank əleyhinə silah sistemləri, radarlar, taktiki maşınlar və ehtiyat daxil olmaqla yeni silahlar göndərməyi planlaşdırdığını bildirib.

Rəsmi Vaşinqton Kyiv hökumətindən raket sistemlərinin Rusiya daxilindəki hədəfləri vurmaq üçün istifadə olunmayacağına dair zəmanət aldığını bildirib.

XS
SM
MD
LG